Ev Turizm Xəbərləri Milli parklar və qoruqlarda rəhbər vəzifələrə işçi seçimi ilə əlaqədar müsabiqə elan...

Milli parklar və qoruqlarda rəhbər vəzifələrə işçi seçimi ilə əlaqədar müsabiqə elan edilib

Orxan Məhərrəmli

Göygöl, Altıağac, Hirkan, Qızılağac, Şahdağ, Samur-Yalama Milli Parklarına və Korçay, Eldar Şamı Dövlət Təbiət Qoruqlarına rəhbər vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib.

Müsabiqədə yaşı 25-dən yuxarı, ali təhsilli və rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan şəxslər iştirak edə bilər. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli bildirib.

O qeyd edib ki, namizədlərin seçimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin və Dövlət Turizm Agentliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçiriləcək. “Müsabiqədə iştirak edəcək namizədlərdən idarəetmə bacarığı, sahəvi biliklər gözlənilir. Ümumi dünyagörüşü, sahə üzrə iş təcrübəsi, natiqlik, kompüter və xarici dil bilikləri tələb olunur”.

Şöbə müdiri onu da bildirib ki, seçimlər zamanı təbiət elmləri üzrə elmi dərəcəsi olan namizədlərə üstünlük veriləcək.

“Müsabiqədə iştirak etmək istəyənlər yanvarın 30-dək sənədlərini (kadrların şəxsi uçot vərəqəsi, tərcümeyi-hal və ali təhsil haqqında diplomun surəti) nazirliyin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinə təqdim etməlidirlər”, – deyə O.Məhərrəmli bildirib.

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz. http://eco.gov.az/az/nazirlik/elan?newsID=10549