Artıq 5 gündür Minskdəyik. Artıq 8 medalımız var. İlk 3 yarış gününə sığan bu qədər medalın 3-ü akrobatlardan ibarət Ruhidil Qurbanlı – Abdulla əl-Məşayxi duetindən gəlib. Eyni sayda medalı samboçular əldə edibsə, daha 2 medal cüdoçuların aktivinə yazılıb.
Lakin qızıl medal olmadıqca Azərbaycan ümumi sıralamada medal əyarında geriləyir. Bir qızıl medal vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər. Əslində belə şanslar ötən gün var idi. Əvvəlcə bu imkanı cüdoçu Rüstəm Orucov qazanmışdı.73 kq çəki dərəcəsində yer alan bayraqdarın finaldakı rəqibi elə də tanınmayan isveçli Tommi Masias idi. Artıq bu görüşədək eyni çəkidəki Hidayət Heydərov 51 saniyəyə gürcü Laşa Şavdatuaşvilinin kürəyini yerə vuraraq, bürünc medal əldə etmişdi. Bu isə zaldakı azərbaycanlı azarkeşlərin, eləcə də görüşləri izləməyə gələn gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və müxtəlif federasiyaların rəsmilərinin əhvalını xeyli yüksəltmişdi. Lakin Orucov hesabda öndə olduğu halda, öz səhvindən ipponla uduzdu. Bəlkə də arxayınlığın qurbanı oldu…

Görüşdən sonra mükafatlandırma mərasimində Orucovun gümüş medaldan heç də məmnun olmadığını görmək elə də çətin deyildi. Elə miks-zonada da o, bikef idi. Danışmaq istəməyən Orucovu anlamaq elə də çətin deyildi. Əvəzində Heydərov bürünc medalından məmnun görünürdü. Belaruslu jurnalistin müsahibə istəyi qarşısında nə rusca, nə də ingiliscə bildiyini deyən gənc cüdoçuya tərcüməçiliyi bəndəniz etdi.
Bu ərəfədə isə şəhərin mərkəzindəki İdman Sarayından samboçu Ağasif Səmədovun erməni rəqibinə finalda uduzması xəbəri gəldi. Yeri gəlmişkən, Azərbaycan – Ermənistan rəqabəti Minsk arenalarında demək olar ki, hər gün baş verir. İlk belə duel samboda ilk yarış günündə Mehman Xəlilovun Maksim Manukyanı məğlub edərək, bürünc medal qazandığı görüşə təsadüf etdi. Daha sonra estafeti boksçu Lorenso Sotomayor aldı. Kubalı legioner Qurgen Madoyana qalib gəldikdən sonra azərbaycanca açıqlamaları ilə də fərqləndi. Ötən gün isə həm Rüstəm Orucov, həm də Hidayət Heydərov Ferdinand Karapetyanı məğlub etdilər.
