Ev Turizm Xəbərləri Naftalanda Yeni Avtovağzal Otel Kompleksi istifadəyə veriləcək

Naftalanda Yeni Avtovağzal Otel Kompleksi istifadəyə veriləcək

Naftalan

Respublikamızın qərb bölgəsində sağlamlıq turizminin mərkəzinə çevrilən Naftalana son illərdə gələn yerli və xarici turistlərin sayında qeydə alınmış artım dinamikası burada yeni turizm-sağlamlıq obyektlərinin tikilməsini zəruri edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan 5 turizm mərkəzindən biri də Yeni Avtovağzal Otel Kompleksidir.

Naftalanın mərkəzinə yaxın yerdə yerləşən kompleksin ümumi ərazisi 1 hektar, tikintialtı sahəsi 2509 kvadratmetrdir. Kompleks 10 mərtəbəlidir.

Yeni Avtovağzal Otel Kompleksi istifadəyə verildikdən sonra burada 40 nəfər daimi işlə təmin ediləcək.

Qeyd edək ki, hazırda Naftalanda 10 turizm obyekti fəaliyyət göstərir. Burada 1100 nəfərədək vətəndaş çalışır. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalan gün ərzində, ümumilikdə, 3800-ə yaxın turistə müasir standartlara uyğun restoran, otel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq. Burada işləyənlərin sayı 1500-ə çatacaq. Bu da ümumi şəhər əhalisinin 15 faizini təşkil edir.