PAYLAŞ
Naftalan

Respublikamızda sağlamlıq turizminin beynəlxalq mərkəzlərindən olan Naftalan yaxın vaxtlarda hərəkət məhdudiyyəti olan şəhər sakinləri, eləcə də yerli və xarici turistlər üçün maneəsiz şəhərə çevriləcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, nadir təbii tərkibə malik olan müalicəvi əhəmiyyətli Naftalan neftinin şöhrətinin bütün dünyada ildən-ilə daha geniş yayılması bu şəhərə gələn turistlərin sayında son 5 ildə hər il yeni rekordun qeydə alınması ilə nəticələnib. Keçən il Naftalan rekord həddə – 61 ölkədən 40 min turist qəbul edib. Qarşıdakı illərdə isə şəhərə gələn turistlərin sayının 60 minə çatdırılması nəzərdə tutulub. Naftalanda turizmin inkişafı üçün görülmüş bütün işlər – şəhər infrastrukturunun daha da müasirləşdirib. Turist məmnunluğunun yaradılmasını zəruri edib.

Bu məqsədlə Naftalan şəhərinin turizm inkişaf planı təsdiq olunub. Planın məqsədi Naftalan şəhərini turistlər üçün daha cəlbedici etməkdir. Naftalanın mövcud turizm potensialından səmərəli istifadə etməklə bütövlükdə şəhəri turizm diyarına çevirməkdir. Müvafiq infrastruktura uyğun xidmətlər təklif etməkdir. Qarşıya qoyulmuş hədəflərə nail olunması üçün Naftalanda turistlərin rahatlığını təmin etmək üçün şəhər rəhbərliyinin təşəbbüsü və Naftalan Müalicə və Sağlamlıq Mərkəzinin dəstəyi ilə ödənişsiz nəqliyyat xidməti, “Gözəl Naftalan” sanatoriyasının dəstəyi ilə “Naftalan 24/7” satıcısız mağaza fəaliyyətə başlayıb.

Eyni zamanda, şəhərin Heydər Əliyev, Səməd Vurğun, Nəriman Nərimanov və Qələbə parklarında, eləcə də digər ictimai yerlərdə panduslar quraşdırılacaq. Beləliklə, Naftalan yaxın vaxtlarda hərəkət məhdudiyyəti olan həm şəhər sakinləri, həm də turistlər üçün maneəsiz bir şəhərə çevriləcək.