Ev Turizm Xəbərləri Niderlandın “Diplomat Magazine” jurnalında Azərbaycanın Xarici İşlər nazirinin məqaləsi dərc olunub

Niderlandın “Diplomat Magazine” jurnalında Azərbaycanın Xarici İşlər nazirinin məqaləsi dərc olunub

turizm

Niderlandın “Diplomat Magazine” jurnalının dekabr buraxılışında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun “Azərbaycan və Niderland: Qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri və onların perspektivləri” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 2019-cu ilin Azərbaycan Respublikası üçün xarici siyasət baxımından əlamətdar mərhələ olduğu bildirilir.

Nazir diplomatiyamızın tarixindən yazaraq qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatı 1919-cu il iyulun 9-da qəbul edib. Prezident İlham Əliyevin Sərəncamına əsasən həmin gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Bu gün həmin tarixdən 100 il keçir.

Məqalədə ötən 100 il müddətində müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycanın öz müstəqilliyini elan etməsi, sonradan itirməsi və 1991-ci ildə yenidən bərpa etməsi, son 30 ilə yaxın bir müddətdə həm bölgədə, həm də dünyada öz mövqelərini möhkəmləndirməsi diqqətə çatdırılır. Vurğulanır ki, bu gün diplomatlarımız ölkə rəhbərliyinin müdrik siyasəti sayəsində Azərbaycanın əməkdaşlıq əlaqələrini genişləndirməklə onun milli maraqlarını dünyada uğurla müdafiə etməkdə davam edirlər.

Qeyd edilir ki, Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdən Niderland onun ənənəvi tərəfdaşlarından biridir. İki ölkə qarşılıqlı faydalı şəkildə əməkdaşlıq edir. Buna görə də diplomatik xidmətin yüz illiyinin qeyd olunması həm ikitərəfli münasibətlərə nəzər salmaq, həm də bu günə qədər əldə olunan uğurları qiymətləndirmək üçün gözəl imkandır. Azərbaycan Niderlandı həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə yaxın müttəfiq və etibarlı tərəfdaş hesab edir. Ölkələrimiz arasında diplomatik münasibətlərin əsası 1992-ci il aprel ayının 1-də qoyulub. Son 27 il ərzində yüksələn xətt üzrə inkişaf edib. Münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət üzərində qurulub. İki ölkə arasındakı əməkdaşlıq ticarət, logistika, kənd təsərrüfatı, təhsil, turizm və s. sahələri əhatə edir. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 181,83 milyon ABŞ dolları olub. Niderland Azərbaycanın qeyri-neft sektoruna başlıca sərmayəçilərdən biri olaraq qalır. Niderland şirkətləri logistika, nəqliyyat, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı kimi sahələrdə irimiqyaslı layihələr həyata keçirir.

Qeyd edilir ki, son illər turizm sektorunda da inkişaf dinamikası müşahidə olunur. Getdikcə daha çox niderlandlı turistlər öz tətillərini Azərbaycanda keçirməyə üstünlük verirlər. Azərbaycanda Formula 1 yarışlarının keçirilməsi Niderland azarkeşlərinin ölkəmizə marağının artmasına səbəb olub.

Bildirilir ki, iki ölkə arasında təhsil sahəsində də əlaqələr inkişaf edir. Bu baxımdan, ADA Universiteti ilə Niderlandın Maastrixt Menecment Məktəbi arasında əməkdaşlıq qeyd edilir.

Məqalədə vurğulanır ki, bütün bunlar Niderland və Azərbaycan arasındakı uğurlu əməkdaşlığın sadəcə bir neçə nümunəsidir. Bir çox nailiyyətlər əldə edilsə də, hələ də əməkdaşlıq üçün böyük potensial var. Avropa İttifaqının əsasını qoyan ölkələrdən biri olan Niderland ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın balanslaşdırılmış xarici siyasət prinsiplərinə tam uyğundur.

Nazir Elmar Məmmədyarov, həmçinin Azərbaycanın xarici siyasətində qonşularla və başqa ölkələrlə mehriban münasibətləri, qarşılıqlı mənafelərə söykənən bərabər dialoq və əməkdaşlığı əsas götürdüyünü vurğulayır. Azərbaycanın xarici siyasətinin prioritetləri barədə ətraflı məlumat verən nazir qarşıya qoyulan hədəflərə çatmaq üçün ölkəmizin həm Niderland, həm də Avropa İttifaqına daxil olan digər tərəfdaşlarla münasibətlərini bundan sonra da davam etdirəcəyini bildirir.