Ev Gəzməli yerlər Gəzəyənlər Oleq Safonov: Xəzər dənizində kruiz turizminin inkişafının böyük perspektivləri var

Oleq Safonov: Xəzər dənizində kruiz turizminin inkişafının böyük perspektivləri var

Oleq Safonov

Azərbaycan ilə Rusiyanın bütün sahələrdə əməkdaşlığı fəal inkişaf edir. Xüsusilə turizm sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanlarımız həqiqətən çoxdur. Təkcə 2018-ci ilin yanvar-fevral aylarında 600 mindən çox Rusiya vətəndaşı Azərbaycana səfər edib. Rusiyadan turist axını 17 faiz artıb. Bu sahədə dinamika müsbətdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artım qeydə alınıb. Rusiyalılar Azərbaycanda özlərini həmişə rahat hiss ediblər. Qarşılıqlı münasibətlərin tarixi, əsrlərlə davam edən dostluq, dil baryerinin olmaması, azərbaycanlılara xas olan qonaqpərvərlik ikitərəfli turizm əlaqələrinin inkişafı üçün həmişə əsas olub. Bu münasibətlər qarşılıqlıdır. Azərbaycan vətəndaşları da Rusiya Federasiyasında özlərini heç də az rahat hiss etmirlər.

Rusiya Federal Turizm Agentliyinin rəhbəri, Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumun iştirakçısı Oleq Safonov bu fikirləri müsahibəsində söyləyib. O bildirib ki, Forum çərçivəsində “Turizm sahəsində əməkdaşlığın inkişafı” mövzusunda “dəyirmi masa” keçirilməsi bu sahədə əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə şərait yaradacaq. Dövlət strukturlarının və turizm təşkilatlarının “dəyirmi masa”da iştirak edən nümayəndələri əməkdaşlığın perspektivlərini müzakirə edirlər.

O.Safonov deyib: “Hesab edirəm ki, rusiyalıların Azərbaycana axını artacaq. Rusiyalı turistlər istəyirlər ki, Azərbaycanda səyahətlərin coğrafiyası genişlənsin. Onlar Azərbaycanın gözəl regionlarına da getmək istəyirlər. Azərbaycan vətəndaşları da Moskvaya və Sankt-Peterburqa getməyi xoşlayırlar, lakin bu şəhərlərdən əlavə, Rusiyada 85 region var, onlar da səyahət üçün çox maraqlıdır”.

Federal agentliyin rəhbəri vurğulayıb ki, məsələn, Xəzər dənizində kruiz turizminin inkişafı çox perspektivli hesab edilir. Müxtəlif sərhədaşırı kruiz xətləri çox populyar olacaq.

Rusiya Federal Turizm Agentliyinin rəhbəri O.Safonov daha sonra deyib: “Kruiz, qastronomik və etnik turizm yaradılmasına ehtiyac var. Paket turlarının yaradılması məsələsi də müzakirə edilir. Bizim imkanlarımız çoxdur”.