Yunanıstanın Saloniki şəhərində “Philoxenia” 35-ci Turizm Sərgisi keçirilib.
Sərgidə ölkəmizi Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə “Milenium” turizm təşkilatı ayrıca stendlə təmsil edib.

Turizm sərgisində 22 ölkədən 400-dən çox şirkət qatılıb. Sərgi 20 mindən artıq ziyarətçini qəbul edib. Tədbir zamanı Azərbaycan stendində ölkəmizə aid turizm broşürları, kitablar, suvenirlər, Azərbaycan istehsalı nar şirələri və şərabları, eləcə də milli mətbəximizə aid şirniyyatlar sərgi ziyarətçilərinə təqdim edilib. Ölkəmizin stendi yerli və xarici şirkətlərin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Sorğu olunan məlumatlar cavablandırılıb.

“Milenium” turizm təşkilatının Yunanıstana səfəri zamanı, Saloniki şəhərinin Bələdiyyə başçısı Konstantinos Zervas, Baş nazirin Saloniki kabinetinin rəhbəri Mariya Anteniou, Dövlət Turizm Agentliyinin prezidenti Angela Gereku, Mərkəzi Makedoniyanın qubernatoru Apostolo Tzitzikostas, Yunanıstanın regionlar assosiasiya prezidenti, Tessalia şəhərinin bələdiyyə başçısı Konstantinos Agorastos, Şərqi Makedoniya və Trakya vilayətinin qubernatoru Xristos Metios, Qərbi Makedoniyanın Bələdiyyə başçısının regional turizm məsələləri üzrə müavini Georgios Vaviararas, Makedoniya və Trakyanın qubernatorunun turizm məsələləri üzrə nümayəndəliyi, Saloniki Bələdiyyə başçısının turizm məsələləri üzrə müavini Maria Karagianni, Yunanıstanın təşviqat məsələləri və investisiyalar üzrə dövlət nümayəndəliyi “Enterprise Greece”, Yunanıstan Respublikasının İnkişaf Fondu “TAİPED” və ən nüfuzlu turizm təşkilatları ilə görüşlər keçirilib. “Milenium” turizm təşkilatı Yunanıstanın ən iri turizm şirkəti- “Mouzenidis”in prezidenti Boris Mouzenidislə cari ilin iyun-avqust ayları ərzində birbaşa uçuşun həyata keçiriməsi barədə razılıq əldə edib. Uçuşun “Mouzenidis Group”a aid “Ellinair” hava yolları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Tərəflər Azərbaycanda və Yunanıstanda qarışlıqlı olaraq turizm potensialının təşviqatını təmin edəcəklərinə dair razılığa gəliblər.
