Ev Turizm Xəbərləri Ölkədəki mehmanxanaların sayı artıb

Ölkədəki mehmanxanaların sayı artıb

mehmanxana

Dövlət Statistika Komitəsi 2019-cu ildə 642 mehmanxana və mehmanxana tipli müəssisəni qeydə alıb ki, bu da 2018-ci illə müqayisədə 7,7 faiz artım deməkdir.

AZƏRTAC “İllik turizm statistikası 2019”a istinadla xəbər verir ki, ümumilikdə mehmanxanaların üçdəbirinə yaxın hissəsi Bakıda yerləşir. Mehmanxana sayına görə Xaçmaz, Masallı, Quba və Lənkəran şəhərləri də üstünlük təşkil edir.

2018-ci illə müqayisədə 2019-cu ildə mehmanxanalarda gecələmələrin ümumi sayı 10 faiz artaraq 1,91 milyon nəfərə çatıb. Onların 69 faizini əcnəbi, 31 faizini isə yerli turistlər təşkil edir. Gecələmələrin sayına görə xarici qonaqlar Bakı, Qəbələ, Naxçıvan və Şəkiyə üstünlük verdiyi halda, yerli turistlər əsasən Qusar, Naftalan, Lənkəran, Şabran, Xaçmaz, Qax və Şamaxını seçiblər.

Mehmanxanalarda yerləşdirilən əcnəbi qonaqlar əsasən Səudiyyə Ərəbistanı, BƏƏ, Rusiya, Türkiyə, İsrail, və Hindistan vətəndaşları olub. Mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdiyi ümumi gəlir 450 milyon manata yaxın olub. Bu göstərici 2018-ci illə müqayisədə təxminən 25 faiz artmışdır.