Ev Gəzməli yerlər Gəzəyənlər Ölkəmizin yeni hədəfi: Çinli turistlər cəlb ediləcək

Ölkəmizin yeni hədəfi: Çinli turistlər cəlb ediləcək

Ölkəmizin yeni hədəfi

Azərbaycanda turizm yalnız ərəb turistlər üzərində fokuslanmamalıdır. Əlaqələr qurmaq və ölkəyə yeni turist bazarlarını cəlb etmək lazımdır.

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə AZTA arasında imzalanan qarşılıqlı əməkdaşlıq haqqında memorandumu şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün yeni və cəlbedici bazarlar Hindistan, Pakistan və Çindir.

“Əgər biz Çindən turistlər cəlb edə bilsək, böyük axın əldə edəcəyik. Çinli turistlər üçün xidmətlərin təmin olunması ilə bağlı çin dilində danışan ixtisaslı bələdçilər lazımdır. İlk növbədə, biz Konfutsi İnstitutunun imkanlarından istifadə etmək niyyətindəyik”, – Bağırov deyib.

Xatırladaq ki, Çin tərəfindən memorandumu Konfutsi İnstitutunun direktoru Li Tsixua imzalayıb.

Müqavilənin əsas məqsədi turizm sahəsində əməkdaşlığın inkişafına yardım göstərmək, Azərbaycan və Çinin turizm ehtiyatlarından səmərəli istifadə, o cümlədən, bu istiqamətdəki təşəbbüsləri fəal şəkildə dəstəkləmək, ümumi turist şəbəkəsini formalaşdırmaq, turizm üzrə normativ-hüquqi sənədləri təkmilləşdirmək, vahid informasiya şəbəkəsinin tətbiqini təşviq etməkdən ibarətdir.