Ev Turizm Xəbərləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır

Qəbələ

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisinə rayonun Qaraçay və Covurlu çayları arasındaki şimal-cənub istiqamətində uzanan yüksək yaylalar daxildir. Eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhər mərkəzinin qalıqlarının olduğu bu ərazi arxeoloji tədqiqatların aparılması üçün vacibdir. Həmçinin mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Ümumilikdə 420 hektar ərazini əhatə edən Qoruq 3 tarixi məkandan – Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir.

Bu tarixi ərazidə kəşfiyyat xarakterli ilk arxeoloji qazıntılar 1926-cı ildə arxeoloq Davud Şərifovun rəhbərliyi altında aparılıb. Arxeoloji tədqiqatlar 1945-1946-cı illərdə arxeoloq Saleh Qazıyev tərəfindən davam etdirilib. 1959-cu ildə Azərbaycan SSRİ Elmlər Akademiyası tərəfindən Saleh Qazıyevin rəhbərliyi altında Qəbələ arxeoloji ekspedisiyası yaradılıb. 1990-cı ilədək olan dövrdə arxeoloji ekspedisiyanın tərkibində Firudin Qədirov, Qara Əhmədov, İlyas Babayev, Qafar Cəbiyev və digər arxeoloqlar iştirak edib. Qoruq ərazisində arxeoloji qazıntı işləri davam etdirilib.

Direktorun sözlərinə görə, uzun illər sürən fasilədən sonra – 2005-ci ildən etibarən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan mütəxəssislərin birgə fəaliyyəti ilə Qoruq ərazisində arxeoloji qazıntılar yenidən başlayıb. Aşkar edilən arxeoloji tapıntıların üzəri konservasiya olunub. Məlumat lövhələri quraşdırılıb. Qoruq ərazisində müasir tələblərə cavab verən Qəbələ Arxeoloji Mərkəzi tikilib istifadəyə verilib.

Prezident İlham Əliyev 2014-cü ildə Qəbələyə səfəri zamanı Arxeoloji Mərkəzin rəsmi açılışını edib.

Arxeoloji mərkəz iki sərgi salonu (muzey), müasir tipli bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyata alınaraq mərkəzin fonduna təhvil verilir. Sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsi keçirilib. Hər il buraya respublikanın 20-dək şəhər və rayonundan yüzlərlə məktəbli ekskursiya edir. Mərkəzdə, eyni zamanda, dünya və beynəlxalq əhəmiyyətli toplantılar keçirilir. Bura gələn xarici və yerli turist və qonaqlar qoruq ərazisində aparılmış arxeoloji qazıntı işləri ilə, Qəbələ Arxeoloji Mərkəzində sərgilənən materiallarla yaxından tanış olurlar.

Qoruğun direktoru bildirib ki, dövlətimizin başçısı tərəfindən 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi ilə əlaqədar hazırda Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna və Arxeoloji Mərkəzə könüllülər cəlb edilir. Onlara Azərbaycan, rus və ingilis dillərində nəzəri-praktiki məşğələlər tədris olunur.

Zahir Kərimov deyib: “Azərbaycanın maddi və qeyri-maddi irsinin qorunub saxlanılması, tarixi, dini, mədəni abidələrin bərpası və dünyada tanıdılması üzrə Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərin miqyası ölçüyəgəlməzdir. SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası da bu təşəbbüsə öz töhfəsini verir. Bu məqsədilə Qafqaz Albaniyasının ilk paytaxt şəhəri olmuş Qəbələ şəhərində arxeoloji tədqiqatlara dəstəyini əsirgəmir. Qəbələ ilə bağlı elmi araşdırmaların davamı olaraq “Qəbələ etnoqrafik ekspedisiyası”nın fəaliyyətinin nəticəsi olan “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası” və “Qəbələ folkloru” kitablarından ibarət toplu 3 dildə (Azərbaycan, rus, ingilis) nəşr olunaraq oxuculara təqdim olunub”.

Qəbələ rayonunun turizm bölgəsi olduğu əsas götürülərək Qoruq tərəfindən turizm şirkətləri ilə qarşılıqlı fəaliyyət göstərmək istiqamətində əməkdaşlıq əlaqələri qurulur. Bu tarixi əraziyə səfər edən vətəndaşların asudə vaxtlarının səmərəli və maraqlı təşkili üçün göl kənarında dincəlmək, balıq ovu, atla, həmçinin faytonla gəzinti təşkil olunub. Müxtəlif idman oyunları, azyaşlı uşaqların əyləncəsi üçün rəsm və rəngləmə dərsləri, mütaliə etmək istəyənlər üçün qapalı və açıq hava şəraitində kitabxana xidməti fəaliyyət göstərib. Dulusçuluq sənətinin qorunub saxlanılması və təbliği ilə əlaqədar gildən müxtəlif fiqur və qablar hazırlanıb. Həmçinin ağac üzərində oyma sənətinin öyrənilməsi üçün imkanlar yaradılıb.