Ev Turizm Xəbərləri Xarkovun 76 şirkəti Azərbaycana əmtəə ixrac edir

Xarkovun 76 şirkəti Azərbaycana əmtəə ixrac edir

Xarkov

Azərbaycanın və Qazaxıstanın Ukraynadakı səfirləri Azər Xudiyev və Samat Ordabayev xarkovlu biznesmenlərlə işgüzar münasibətlərin inkişafını müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, görüşdə Xarkovun təqribən 70 sənaye müəssisəsinin nümayəndələri iştirak edib. Ticarət -Sənaye Palatasının məlumatına görə, Xarkovun 76 şirkəti Azərbaycana, 67 şirkəti isə Qazaxıstana əmtəə ixrac edir.

Azər Xudiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabr ayında keçirilmiş görüşündə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmini artırmaq barədə razılığa gəliblər. Bunun üçün tikinti, bank sistemi, otel biznesi, smart-texnologiyalar və s. kimi perspektivli sahələr var. Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyətinin Xarkova səfərini təşkil etmək də planlaşdırılır.

Samat Ordabayev bildirib ki, ticari-iqtisadi münasibətləri möhkəmləndirmək üçün Xarkovda Qazaxıstanın fəxri konsulluğunu açmaq nəzərdə tutulur. Səfirin sözlərinə görə, diplomatik fəaliyyəti dövründə o, Ukrayna biznesinin Qazaxıstan bazarlarına, yəni heyvandarlıq, maşınqayırma, IT-texnologiyalar, xidmətlər sahələrinə daxil olmasına kömək edib. Ukrayna və Qazaxıstan yüksək texnologiyalar, kənd təsərrüfatı xammalının emalı, maşınqayırma, məsələn, kənd təsərrüfatı maşınqayırması sahələrində əməkdaşlığı inkişaf etdirə bilərlər.

Xarkov Şəhər Şurasının beynəlxalq əməkdaşlıq departamentinin direktorunun müavini Yuliya Zqurskaya qeyd edib ki, dövləti münasibətlər bələdiyyələrarası əməkdaşlığı da möhkəmləndirməyə kömək edir. Xarkov Azərbaycan ilə çoxdan əməkdaşlıq edir, ötən il şəhər Azərbaycanda turizm sərgisində təmsil olunub, Bakının turizm sahəsinin nümayəndələri isə Beynəlxalq Turizm Forumu çərçivəsində Xarkova cavab səfəri ediblər.

Yuliya Zqurskaya deyib: “Bugünkü səfər çox əhəmiyyətlidir, çünki dövlət səviyyəsində əməkdaşlıq üçün perspektiv var. Bu yaxınlarda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub. Hökumətlərarası komissiyanın iclası keçiriləcək. İclasda iqtisadi məsələlər, turizm sahəsi, birgə tədbirlərin keçirilməsi nəzərdən keçiriləcək. Şəhərin vəzifəsi bələdiyyələrarası əlaqələri nizamlamaqdır ki, onlar genişlənərək dövlət səviyyəsində layihələrə çevrilsin. Azərbaycanın və Qazaxıstanın Xarkova marağı ildən-ilə artır və biz bunu alqışlayırıq”.