Ev Turizm Xəbərləri Qəbələnin otel və mehmanxanalarında qalan turistlərin sayı 41,6 faiz artıb

Qəbələnin otel və mehmanxanalarında qalan turistlərin sayı 41,6 faiz artıb

Qəbələ

Azərbaycanda digər sahələrlə yanaşı, turizmin inkişafı da Prezident İlham Əliyev tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Dövlətimizin başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində çox mühüm işlər görülür.

Qəbələ

Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev ölkəmizdə olan sabitliyin turizmin inkişafına böyük təkan verdiyini vurğulayaraq deyib: “Mən turizmi də ixrac növü hesab edirəm. Çünki keçən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər. Yəni, əgər bunu ixrac növü kimi hesablasaq, neftdən sonra ikinci sahə turizmdir. Məhz ona görə mən turizmin inkişafı üçün kompleks tədbirlərin görülməsini təmin etdim. Son illər Azərbaycanda turistlərin sayı artıb və bu gün də artır. Əminəm ki, bu, belə də davam edəcək”.

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qəbələ bu gün, həm də, ölkənin ən önəmli turizm mərkəzlərindən biri kimi tanınır. Geniş turizm infrastrukturuna malik olan Qəbələ rayonu ilin bütün fəsillərində turistlərin diqqətini özünə cəlb edir.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2020-ci ilin yanvar ayında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 15 min 707 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 9 min 905-i və ya 63,1 faizi Azərbaycan, 5 min 802-si və ya 36,9 faizi xarici ölkə vətəndaşı olub. Yanvarda otel və mehmanxanalarda yerləşən turistlərin sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4 min 619 nəfər və ya 41,6 faiz artıb. O cümlədən yerli turistlərin sayında 85,5 faiz artım qeydə alınıb.

Qəbələ

İdarənin rəisi Ayaz İsgəndərovun sözlərinə görə, bu ilin yanvarında Qəbələyə gələn əcnəbi turistlər arasında əvvəlki aylarda olduğu kimi, yenə də Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Ötən ay bu ölkənin 1837 vətəndaşı Qəbələdə olub. Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı isə 1300 nəfərə çatıb. Ümumiyyətlə, yanvarda Qəbələnin otel və mehmanxanalarında yerləşən turistlər arasında Küveyt, Bəhreyn, Oman, Rusiya və Hindistandan olanlar üstünlük təşkil edib.