Ev Turizm Xəbərləri Qədim və müasir Naxçıvan turizm mərkəzinə çevrilir

Qədim və müasir Naxçıvan turizm mərkəzinə çevrilir

Naxçıvan

Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialı var

Muxtar respublikanın rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. 200-dən çox mineral bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşıb. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilib və xüsusi mühafizəyə alınıb. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaradıb.

Ölkə Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan verib, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artıb. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınıb, su xətləri çəkilib, müasir infrastruktur obyektləri tikilib, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet istifadəyə verilib. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd yaşıl turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı isə dayanıqlı turizm sektoru formalaşdırmaqla yanaşı, turistlərin bütün xidmətləri kompleks şəkildə istehlakına zəmin yaradacaqdır. Hazırda tikintisi davam edən Ağbulaq Xizək Mərkəzi muxtar respublikada qış turizminin inkişafına mühüm töhfə verəcək. Yeni turizm növlərinin formalaşmasına gətirib çıxaracaq.

Tarix-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu diyara cəlb edən əsas amillərdəndir.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin apardığı araşdırmalara əsasən, muxtar respublikanın tarix-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu diyara cəlb edən əsas amillərdəndir. Ali Məclis Sədrinin müvafiq sərəncamına uyğun olaraq, muxtar respublikada 1200-dən çox tarixi abidə pasportlaşdırılaraq qeydiyyata alınıb. 70-ə yaxın tarix və mədəniyyət abidəsi bərpa olunub. Son illər Möminə xatın türbəsi bərpa edilib. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılıb. Nuh Peyğəmbərin məzarüstü türbəsi, muxtar respublika ərazisindəki buzxanalar, Naxçıvan şəhərindəki İmamzadə Kompleksi, “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Naxçıvanqala, Xan sarayı, Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Əlincəqala, Gülüstan türbəsi, Qazançı körpüsü, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksi, Babək rayonundakı Nehrəm İmamzadəsi və digər tarixi abidələr bərpa olunub. Hazırda Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi və Ərəfsə kəndindəki qədim körpü bərpa edilir.

Aparılan abadlıq və quruculuq işləri muxtar respublikada turizmin inkişafı üçün geniş üfüqlər açıb.

Abadlıq və quruculuq işləri muxtar respublikada turizmin inkişafı üçün geniş üfüqlər açıb. Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün müasir şərait yaradılıb. Bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı müalicə turizminin inkişafı istiqamətində atılmış ən mühüm addımlardandır. Darıdağ Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Hazırda tikintisi davam edən Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi bu şəfalı suyun müalicəvi xüsusiyyətlərindən ən səmərəli şəkildə istifadəyə şərait yaradacaqdır. Həmçinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, pirlər, imamzadələr, qədim məscidlər muxtar respublikada dini və ziyarət turizminin, zəngin bitki örtüyü isə herbari turizminin inkişafına hərtərəfli şərait yaradır.

2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoyub. Ali Məclis Sədrinin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin yaradılması isə bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Cari il sentyabrın 23-dən Turizm Departamentinin fəaliyyəti tarixi binada təmin edilib. Müasir standartlara cavab verən maddi-texniki baza yaradılıb. Həmçinin departamentin nəzdində Milli Dəyərlər Muzeyi fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Bu gün muxtar respublikanın turizm potensialının artırılması istiqamətində lazımi işlər görülür. Tarixi abidələrin bərpası və milli dəyərlərimizin qorunub yaşadılması turizmin inkişafına mühüm töhfə verir. Muxtar respublikanın turizm potensialının tanıdılması və təbliği məqsədilə yaradılmışdır. Turizm Departamentinin nəzdində Turizm-İnformasiya Mərkəzi, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi və Milli Dəyərlər Muzeyi fəaliyyət göstərir. Turizm Departamenti və Milli Dəyərlər Muzeyi Naxçıvan şəhərinin qədim tarixi binasında, Turizm-İnformasiya Mərkəzi Zaviyə-Mədrəsə binasında, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi isə bərpa olunmuş qədim Buzxanada yerləşir. Bütün bunlar muxtar respublikada turizm potensialının düzgün təbliğinə hesablanmışdır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalıdır. Muxtar respublikaya turist təşviqi daha da artırılmalıdır”.

Turizmin inkişafı həm də sabitliklə bağlıdır.

Turizmin inkişafı yüksək səviyyədə qurulan infrastrukturla bağlı olduğu kimi, həm də sabitliklə bağlıdır. Bu iki amilin muxtar respublikamızda mövcudluğu, qədim diyarımızın cinayətsiz region kimi tanıdır. Turistlərin muxtar respublikaya gəlməsi üçün daha bir üstünlük yaradır. Naxçıvanın beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi təcrübəsi də vardır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması və ölkəmizin Gənclər Paytaxtı seçilməsi turizm imkanlarımızı nümayiş etdirmək baxımından mühüm əhəmiyyətə malik olub. Bu sahədə görülən işlərin nəticəsidir ki, cari ilin 8 ayında muxtar respublikamıza 250 minə yaxın turist gəlib.

Turizm sahəsində kadr hazırlığı mühüm məsələlərdəndir. Muxtar respublikada bu amil diqqətdə saxlanılır. Hazırda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisası üzrə kadr hazırlığı aparılır. Tədris ili ərzində tələbələrlə mütəmadi görüşlər keçirilir. Təcrübələr və maarifləndirici seminarlar təşkil olunur.

Muxtar respublikada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər olacaq. Yaradılan şərait qədim diyarın turizm potensialının inkişafı üçün bundan sonra da geniş üfüqlər açacaq.