PAYLAŞ
heykəl

Qahirənin mərkəzi Tahrir meydanında Qədim Misirin əfsanəvi fironu II Ramzesin abidəsinin qoyulması üzrə ötən ilin avqustunda başlanmış işlər başa çatıb. AZƏRTAC Misirin Qədim Abidələr üzrə Ali Şurasının məlumatına istinadla xəbər verir ki, bu ecazkar heykəl ehramların fonunda əsrarəngiz obelisk formasında olacaq. Onun ətrafında səkkiz ədəd daş blok da ucaldılıb.

Ali Şuranın baş katibi Mustafa Vəziri jurnalistlərə məlumat verib ki, 17 metr hündürlüyündə olan və çəhrayı qranitdən hazırlanmış heykəlin ağırlığı 90 tondur. Onun sözlərinə görə, abidənin Misir paytaxtının ən izdihamlı meydanında qoyulmasından əsas məqsəd, Qahirəyə gələn turistləri ölkənin zəngin tarixi haqqında məlumatlandırmaqdır. Obeliskin səkkiz qranit bloku 2019-cu ildə Aşağı Misirin Zaqaziq rayonundan gətirilib. Fironun heykəli isə tamamilə bərpa olunub.

Bundan başqa, Tahrir meydanında Luksordan gətirilən dörd sfinks heykəli də nümayiş etdiriləcək. Bu heykəllərin populyar turizm məkanı olan Luksordan Qahirəyə gətirilməsi mübahisələrə səbəb olub. Ötən il millət vəkillərindən biri Baş Nazirə bununla bağlı müraciət ünvanlayıb. O, etiraz məktubunda bunun UNESKO-nun Dünya İrsi Konvensiyasına ziddi olduğunu əsaslandırıb. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi də sfinkslərin daşınmasının təhlükəli olacağını bəyan edib.