Ev Turizm Xəbərləri “The Jakarta Post” qəzeti Azərbaycan ilə İndoneziya arasında əməkdaşlığa həsr olunmuş məqalə...

“The Jakarta Post” qəzeti Azərbaycan ilə İndoneziya arasında əməkdaşlığa həsr olunmuş məqalə yayıb

The Jakarta Post

İndoneziyanın nüfuzlu “The Jakarta Post” qəzeti Azərbaycan ilə dostluq əlaqələrindən bəhs edən məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanlılar pençak-silatı və İndoneziya dilini sevirlər” adlı məqalədə Azərbaycanın Cənubi Qafqazın ən böyük enerji ehtiyatlarına malik inkişaf etmiş ölkəsi olduğu və burada İndoneziya mədəniyyətini, dilini, mətbəxini və ənənəvi döyüş sənəti olan pençak-silatı çox sevdikləri qeyd edilir. Bildirilir ki, bunun əsasında hər iki ölkənin səfirlikləri tərəfindən qarşılıqlı şəkildə aparılan geniş təşviqat işləri dayanır. Xüsusən İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bee Fanani Azərbaycan xalqını ölkəsinin mədəniyyəti, təhsili və ticarəti ilə yaxından tanış etmək üçün əzmlə çalışır.

İndoneziyalı səfirin sözlərini sitat gətirən qəzet yazır: “Azərbaycanlılar İndoneziyanı çox sevirlər. Onlar bizim pençak-silatı, İndoneziya mədəniyyətini və dilini öyrənməyə can atırlar. Bizim aramızda sıx dostluq əlaqələri mövcuddur”.

Azərbaycanlı tələbələrin İndoneziyanı, bu ölkənin mədəniyyətini böyük həvəslə öyrəndiyini vurğulayan səfir, bir çox universitetlərdə oxuduğu mühazirələrin xüsusi maraqla qarşılandığını qeyd edir.

Müəllif bildirir ki, təhsil və mədəniyyətlə yanaşı, daha bir faktor iki ölkə arasında əlaqələri daha da möhkəmləndirir. Bu, İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləməsi, Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan tərəfindən işğalına qarşı çıxış etməsidir.

Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevin sözlərini sitat gətirən indoneziyalı jurnalist yazır: “Biz Azərbaycanı dəstəklədiyinə görə İndoneziyaya minnətdarıq. Bizim İndoneziya ilə münasibətlərimiz yüksək səviyyədədir və biz bir çox sahələrdə sıx əməkdaşlıq edirik”.

2016-cı ildə Azərbaycana qədəm qoyduğu gündən bu ölkənin böyük potensiala malik olduğunu hiss edən indoneziyalı səfir elə həmin il ilk dəfə Bakıda “İndoneziya Mədəniyyəti Günləri”ni təşkil edir. Bu tədbir İndoneziya mədəniyyətini, mətbəxini tanıtmaqla yanaşı, həm də iki ölkə arasında ticarət əlaqələrinin inkişafına mühüm təsir göstərir. Nəticədə İndoneziyanın mebel, qəhvə, kağız, bitki yağları kimi məhsulları Azərbaycan bazarına yol açır.

Bakıya gələn indoneziyalı biznesmenlərin sayının artması iki ölkə arasında ümumi ticarət dövriyyəsinin inkişafına mühüm təsir göstərir. İndoneziya həm də Azərbaycan xam neftinin əsas alıcılarından birinə çevrilir.

Məqalədə Azərbaycanın İndoneziya üçün əsas turizm istiqamətlərindən birinə çevrilməsinə də xüsusi diqqət yetirilir. Qeyd edilir ki, həm Azərbaycandan İndoneziyaya, həm də əks istiqamətdə turistlərin sayı son illər xeyli artıb.

Bütün bunlar İndoneziya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına öz müsbət təsirini göstərir.