PAYLAŞ
Dubay

Ekspertlər Dubayın “Gulf News” nəşrində yerli qış əyləncələrinin reytinqini təqdim ediblər. AZƏRTAC “Turprom” saytına istinadla xəbər verir ki, onlar Dubay səhrasına safarini bu qış mövsümünü unudulmaz edəcək əyləncələr siyahısına daxil ediblər. Ekspertlərin fikrincə, belə marşrutlar nəinki turistlərin Dubay landşaftını tədqiq etmələrinə, həm də bədəvi ərəblərin mədəniyyəti və irsi ilə yaxından tanış olmalarına imkan verir.

Turistlərə narıncı rəngli qum təpələrindən xizəklə sürüşmək də tövsiyə olunur ki, bu da hər hansı Amerika təpəciyindən daha maraqlı əyləncədir. Dəvə belində safari, ənənəvi bədəvi evləri tipində düşərgələrə getmək, şam yeməyinə ərəbsayağı barbekyu yemək də qış əyləncələrindəndir.

Dou qayığında şam yeməyinin daxil edildiyi gəzinti bu siyahıda ikinci yeri tutur. “Dubai Marina” və “Dhow Cruise Creek” təklif edilən ən maraqlı marşrutlardır. Cəmi iki saat sürən və turistlərin Dubay tarixinə nəzər salmalarına imkan verən hər iki marşrut insana həm mənəvi, həm də fiziki güc verir.

Yeri gəlmişkən, gəmi səyahətinə daha uzun müddətə də çıxmaq olar. Ekspertlər bunun üçün yaxta icarəyə götürməyi tövsiyə edirlər. Onlar Dubayda yaxta üçün seçim imkanlarının geniş olduğunu bildirirlər. İmkanlı adamlar yaxtanı heyəti ilə birlikdə icarəyə götürə bilərlər. Balıq tutmaq istəyənlərə isə balıqçı qayıqları təklif olunur.

Ekspertlər quruda əyləncələr arasında “Global Village” səfərini xüsusi vurğulayırlar. Burada 20 ölkənin pavilyonu yerləşir. Hər bir pavilyonda öz ölkəsinin mədəniyyətini təcəssüm etdirən əl işlərindən tutmuş firma məhsullarına qədər müxtəlif çeşiddə mallar satılır.

Dubai Miracle Garden” qış əyləncəsinin daha bir variantıdır. Dünyanın ən böyük bağlarından biri məhz burada – Dubayın səhralıq guşəsində yerləşir. “Dubai Miracle Garden”də 50 milyondan çox gül bitir.

Bundan əlavə, turistlərə səhrada at və ya dəvə minməyi, kvadratsikl sürməyi öyrənmək təklif edilir. Əlbəttə, bütün bu əyləncələrlə yanaşı, çimərlikləri yaddan çıxarmamaq tövsiyə olunur.