PAYLAŞ
Şahdağ

“Şahdağ” Turizm Mərkəzinin rəhbəri Rodderik Leffler 2019-2020-ci illərin qış mövsümündə turist axınının 5% artacağını proqnozlaşdırır.

“Kompleksimizin fəaliyyət göstərdiyi 6 il ərzində ilk dəfə olaraq bu mövsümdə qonaqlar üçün bütün xizək yollarını istifadəyə vermişik, buna görə də turist axınının ötən mövsümlə müqayisədə 5% artacağını gözləyirik”, – deyə o, qış mövsümünün açılışı münasibətilə keçirdiyi mətbuat konfransında bildirib.

R.Leffler qeyd edib ki, xarici qonaqların böyük hissəsini Rusiya və Qazaxıstandan olan turistlər təşkil edir.

O, həmçinin deyib ki, qonaqların və ziyarətçilərin rəylərini nəzərə alaraq, qarşıdakı mövsümdə bu kompleksdə turizm xidmətlərinin qiymətləri 15% aşağı salınıb.

Kompleksin rəhbəri vurğulayıb ki, yeni layihələrin həyata keçirilməsi, xüsusilə 2020-ci ilin avqustunda diceylərin festivalının təşkil edilməsi planlaşdırılır. Bundan başqa, tələbələr üçün yay düşərgəsinin təşkili də nəzərdə tutulur.

“Şahdağ Turizm Mərkəzi” QSC Azərbaycan Dövlət Turizm Agentliyinin strukturuna daxildir.