Ev Gəzməli yerlər Gəzəyənlər Qobustan, paxlava, məbədlər: bunlardan hansı biri rusiyalı turistlərin qəlbində iz qoyur

Qobustan, paxlava, məbədlər: bunlardan hansı biri rusiyalı turistlərin qəlbində iz qoyur

Rusiyalı turistlər

Rusiyadan olan gənclər Bakıya səfərləri zamanı aldıqları təəssüratları jurnalistlərlə bölüşüblər.

Azərbaycan olduqca gözəl ölkədir. Burada qədim məbədlər ən yaxşı müasir memarlar tərəfindən tikilmiş binalarla yanaşı durur. Paytaxtın siması qəribəliyi, eyni zamanda, qədimliklə novatorluğun harmoniyasını əks etdirir. Bu səbəbdən hər kəsin mahiyyətcə öz Bakısı var. Kimi ürəyində Qız qalası haqqında xatirələri ömürlük saxlayır, kimi Ağ şəhər bulvarını xatırlayır, kimi də Heydər Əliyev Mərkəzinin futurizm arxitekturasının böyük təsiri altında qalır.

Dövlət Dumasının deputatı Dmitri Savelyevin rəhbərliyi ilə Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun jurnalistləri gənc nəsildən olan turistlər arasında sorğu aparmağı, Azərbaycanın onlar üçün haradan başlamasına və qəlblərində hansı izləri qoymasına aydınlıq gətirməyi qərara alıblar.

Kirill və onun Moskva Dövlət Linqvistika Universitetinin tələbələri olan dostları üçün bu, hər şeydən əvvəl Qobustan idi. Onlar zəmanəyə bürünən daşlara, qədim insanların 6 min qayaüstü təsvirinə baxmaq üçün xüsusi olaraq birlikdə gəliblər. Kirill deyib: “Hər halda bizim həyatımızda vaxt sürətlə keçir, daim vurnuxuruq. Biz bunların keçmişdə necə baş verməsini hiss etmək istədik. Biz qeyri-adiliyə baxmağı xoşlayırıq. Qobustandan başqa qeyri-adiliyi mən hələ ki, az görmüşəm. Burada əbədiyyəti hiss edirsən. Başqa cür heç nə demək olmur”.

Qobustan

Lyudmilanı

Lyudmilanı Bakının memarlığı, xüsusən yeni binalar valeh edib. O deyib: “Mənim atam memardır. Heç vaxt bu sənətə meylim olmayıb, iqtisadiyyat üzrə təhsilimi bitirib bankda çalışıram. Bir dəfə istirahət günlərində ailəmlə Azərbaycana getdik. Həm yaxın idi, həm də baha deyildi. Mən orada başa düşdüm ki, atam xətlərin harmoniyasını müzakirə edəndə nə barədə danışırmış. Mən həmişə gülürdüm, çünki həddən artıq poetik idi. Lakin Heydər Əliyev Mərkəzi – məhz bu, əsl poeziya idi. Yaxud məni özünün ideyası ilə sarsıdan Xalça Muzeyi. Şəhərdə bu dərəcədə maraqlı nə isə tikməkdən ötrü necə də qeyri-standart fikirləşmək lazımdır”. Lyudmila Azərbaycana bir daha sentyabrda gəlmək, şəhəri gecəyarısı seyr etmək fikrindədir. Eyni zamanda, əgər alınarsa, hansısa qoruq-parka baş çəkmək istəyir. Axı, Azərbaycan təbiəti payızda görünməmiş dərəcədə təmtəraqlıdır.

Mark və Olqa hətta bilmirdilər ki, nəyin üzərində dayansınlar: onlar üçün Azərbaycana səfər daha yaddaqalan olub. Çünki söhbət toy səyahətindən gedir. Səfərdən əvvəl onlar çoxsaylı forumlara baxıb, hətta Azərbaycanın tarixi haqqında məqalələr də oxuyublar. Mark gülümsəyərək deyir: “Bir sözlə, biz hazırlıqlı gəlmişdik. Lakin reallıq gözlədiklərimizi ötüb keçdi. Biz fikirləşmirdik ki, hər şey – insanlar da, təbiət də, daim tamaşa etmək istədiyimiz şəhərin özü də bu qədər yaxşı ola bilər. Heydər Məscidi – bu, sadəcə bir fantastikadır. Biz məscidə iki dəfə – gündüz və axşam gəldik. Səmanın fonunda içindən parlayan ağ daş… bu, çox maraqlıdır!”. Olqa Şəhidlər xiyabanından dərin təəssüratla ayrılıb. O deyib: “Şəhid” bizə çox da tanış söz deyil, əslində isə bu, Vətəni uğrunda canından keçən insandır. Orada dəfn edilən insanlar Vətəni müdafiə ediblər. Mənim babam Stalinqrad döyüşlərində həlak olub, özüm oralardanam və bilirəm ki, həm ruslar, həm azərbaycanlılar birgə vuruşublar. Orada onların xatirələrinə nəhəng memorial ucaldılıb. Bax, onlar da şəhid olublar, müqəddəslik uğrunda həlak olublar”.

Dmitri Savelyev

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, hazırda rusiyalı gənclərin dost qonşu ölkə haqqında 5 il bundan əvvələ nisbətən daha çox məlumatı var. “Burada jurnalistlərin işi və ölkə haqqında insanların bir-birinə ötürdüyü məlumatlar özünü büruzə verib. Lakin hər şeydən əvvəl, Azərbaycanın turistlərin ölkəyə cəlb edilməsinə yönələn fəal siyasət aparması faktdır. Burada həm gənclər forumları, həm böyük idman tədbirləri, həm “Jara” festivalı, – Rusiyadan bu musiqi bayramına böyük məmnuniyyətlə gəlirlər, – öz rolunu oynayır. Buna görə də Azərbaycana turist axını artır və hər şeydən əvvəl gənclər hesabına artır. Çünki gənclər daha çevikdir, hər yenilik onlara maraqlıdır və daha rahat əlaqə qururlar”, – deyə D.Savelyev vurğulayıb.

Qız qalası

Rusiya-Azərbaycan Dostluğu Mərkəzinin rəhbəri Nataliya Krasovskaya gülərək deyib: “Biz sorğu apararkən məlum oldu ki, ən azından Qız qalası, Dənizkənarı Bulvar, İçərişəhərin küçələri hamının yadında qalıb. Əksəriyyəti təkcə Bakıya deyil, məsələn Qəbələyə, Şəkiyə gedir. Hətta bir cütlük Şəki paxlavasının dadını jestlərlə başa saldı – bəzən insan fikrini sözlərlə ifadə etməkdə çətinlik çəkir. Məlum oldu ki, qastronomik turizm gənclər üçün daha cəlbedici olub. Bu, eyni zamanda, həm adət edilmiş, həm də ekzotik təəssüratlardır. Hər kəs kabab yeyib. Lakin Bakıda hazırlanan kababı hamı yeməyib! Memarlıq, təbiət abidələri, qədim məbədlər – bütün bunlar Rusiyadan olan gənc turistlərdə böyük maraq oyadır. Bu, çox mühümdür: onlar bilirlər ki, hara gedirlər, nəyə baxırlar. Bir çoxları üçün bu, Azərbaycan gözəllikləri haqqında romanın yalnız başlanğıcıdır”.