Ev Turizm Xəbərləri Qubanın Qonaqkənd qəsəbəsində mühüm sosial infrastruktur layihələri icra edilir

Qubanın Qonaqkənd qəsəbəsində mühüm sosial infrastruktur layihələri icra edilir

Qonaqkənd

Qubanın qədim yaşayış məntəqələrindən olan Qonaqkənd qəsəbəsinin sakinləri üçün bu il sosial infrastruktur layihələrinin icrası ilə əlamətdardır. Rayon mərkəzindən 46 kilometr məsafədə yerləşən yaşayış məntəqəsinə müasir yol çəkilməsinin ardınca, Qonaqkənd qəsəsinin qazlaşdırılması işləri həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən görülən işlər yekunlaşdıqdan sonra geniş turizm imkanlarına malik qəsəbədə, ümumilikdə, 300-dən çox abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq.

Qonaqkəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 30 min metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılır.

Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Əlibaba Əliyev bildirib ki, bu il şimal regionunda 16 yaşayış məntəqəsi qazlaşdırılır. Bunun da 12-si Quba rayonuna aiddir. Qazlaşdırılan kəndlərdə, ümumilikdə, 2 min 623 abonent ilk dəfə təbii qazdan istifadə edəcək. Qazlaşdırma işləri ilin sonuna kimi başa çatdırılacaq.

Qəsəbə sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Qonaqkənd 1959-cu ilə kimi rayon mərkəzi olub. Qəsəbədə xəstəxana, məktəblər, feldşer-mama məntəqəsi fəaliyyət göstərir.

68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 kilometr uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun tikintisi işləri də artıq yekunlaşmaq üzrədir.

Qonaqkənd, Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, bölgədə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq.