Ev Gəzməli yerlər Gəzəyənlər Respublikamızda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

Respublikamızda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı

Mart ayının 28-dən etibarən Gəncə şəhərindəBölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının açılış mərasimi baş tutacaq.

Respublikamızın 15 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə keçiriləcək festival Azərbaycanın bütün regionlarının bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağına imkan yaradacaq. Eyni zamanda bölgələr arasındakı mədəni mübadilənin gücləndirilməsinə və yeni təşəbbüslərə zəmin olacaq.

İki hissədən ibarət olan “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının birinci hissəsi sərgiyə, ikinci hissəsi isə konsert proqramına həsr ediləcək.

Sərgi çərçivəsində festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri sərgilənəcək. Bundan başqa, sənətkarlıq nümunələrinin satış yarmarkası da təşkil olunacaq.

Konsert proqramında isə musiqiçilərin, rəqs qruplarının, folklor kollektivlərinin, qiraət ustalarının çıxışları yer alacaq.

Qeyd edək ki, “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, keçirilir. Festival iki ay davam edəcək. Belə ki, festivalın mart ayında Gəncə və Ağstafada, aprel ayında Kürdəmir, Ağdaş, Saatlı, Neftçala, Bərdə, Ağcəbədi, Abşeron, Xaçmaz, may ayında isə Lerik, Masallı, Şəmkir, Balakən, Şamaxı şəhərlərində keçiriləcəyi planlaşdırılır.