Ev Turizm Xəbərləri “Restoranlarda “menyu yoxdur” deyirlərsə…” – Agentlikdən XƏBƏRDARLIQ

“Restoranlarda “menyu yoxdur” deyirlərsə…” – Agentlikdən XƏBƏRDARLIQ

Restoranlar

Turizmin ən aktiv olduğu qızmar yay mövsümü artıq arxada qaldı. Bu mövsüm də turistik obyektlərin, xüsusilə regionda yerləşən kafe və restoranların yüksək qiymətlərindən, xidmət keyfiyyətindən narazılıqlar çox oldu.

Sosial şəbəkələrdə fikirlərini ifadə edən vətəndaşlar, həmçinin turistlər xidmət sektorunda keyfiyyətin yüksəldilməsinin zəruriliyini qabartdılar. Şikayətçilərin əsas gündəmə gətirdikləri məqam isə qiymətlə keyfiyyətin üst-üstə düşməməsidir. Hətta tanınmış restoran, otel, istirahət mərkəzlərində də yüksək qiymətlərə rəğmən, keyfiyyətli xidmət görə bilmədiklərini iddia edənlər oldu.

Sözügedən şikayətlər haqqında Modern.az-a danışan Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirdi ki, turizm obyektlərində qiymətlərin formalaşdırılmasında Agentlik iştirak etmir. Onun sözlərinə görə, buna baxmayaraq, xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı mütəmadi addımlar atılır:

“Sahibkarlarla danışıqlar aparılır, xidmət personalı ilə vaxtaşırı tədbirlər, treninqlər keçirilir. Otellərin əməkdaşları da təlimlərə cəlb edilir, onların müasir, keyfiyyətli xidmət haqqında məlumatlandırılması həyata keçirilir. Amma kimsə restoran açırsa, onun xüsusi turistik obyekt olduğunu heç kim deyə bilməz. Bunlar turizm obyekti kimi qeydiyyatdan keçmir. Ona görə də obyektlərdə təklif edilən qiymətlər ümumi qiymətlərdir. Qiymətlərin yüksək olması barədə narazılıqlar olduğunu bilirik. Sosial şəbəkələrdəki paylaşımlara diqqət etdikdə görünür ki, həqiqətən də, bu sahədə problem mövcuddur. Amma bəzən subyektiv şikayətlər də ortaya atılır, ümumiləşdirilmiş narazılıqlar səsləndirilir. Bu məsələdə istehlakçıların da üzərinə məsuliyyət düşür”.

Əksər istehlakçıların öz hüquqlarını bilmədiklərini vurğulayan Kənan Quluzadə bunun qanunvericiliklə tənzimləndiyini xatırlatdı:

“İnsanlar hüquq pozuntusu gördükdə aidiyyəti qurumlara şikayət edə, müvafiq addımlar ata bilərlər.

Müştəri hansısa restorana gedəndə mütləq menyunu tələb etməlidir. Əgər ona “menyu yoxdur” deyirlərsə, bu pozuntudur. Kimsə yerində haqqını tələb etməyib, sonradan şikayət edirsə, bu, düzgün deyil. İnsanlar menyu verilməyən yerə getməsinlər. Yenə qeyd edirəm, istehlakçıların hüquqlarının pozulmasına görə narazılıqlar varsa, müvafiq dövlət strukturlarına müraciət olunmalıdır”.