Ev Turizm Xəbərləri Yaponiyanın TBS-BS telekanalı ölkəmizin turizm potensialı barədə veriliş yayımlayıb

Yaponiyanın TBS-BS telekanalı ölkəmizin turizm potensialı barədə veriliş yayımlayıb

TBS-BS telekanalı

Yaponiyanın TBS-BS telekanalı tərəfindən Azərbaycan haqqında hazırlanmış veriliş yapon tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

TBS-BS telekanalının “Dünya səyahətləri” verilişinin çəkiliş qrupunun Azərbaycana səfəri GUAM təşkilatının, Azərbaycanın Yaponiyadakı səfirliyinin və Azərbaycan Turizm Agentliyinin təşəbbüsü ilə təşkil olunub.

Qeyd edək ki, TBS-BS telekanalının “Dünya səyahətləri” verilişi Yaponiyanın turizm barədə proqramları arasında ən yüksək reytinqi ilə seçilir. Verilişin aparıcıları Hitoşi Kusano və Barbi Hiqa turizm haqqında verilişlərin ən yaxşı aparıcıları siyahısında xüsusi yer tuturlar.

Verilişdə Azərbaycan, onun coğrafi mövqeyi, turizm potensialı, görməli yerləri haqqında yapon tamaşaçılara geniş məlumat verilib. Bakı, paytaxtımızın görməli yerləri, o cümlədən İçərişəhər, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, “Alov qüllələri” və digər tarixi və müasir tikililər nümayiş etdirilib. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, nadir arxitekturası barədə məlumatlar tamaşaçıların diqqətinə çatdırılıb.

Həmçinin verilişdə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Naftalan Sağlamlıq Mərkəzi və Şəki Xan Sarayı haqqında da geniş məlumatlar verilib. Həmin ərazilərdə yerləşən Azərbaycan xalqına məxsus qədim abidələrdən danışılıb. Naftalan Sağlamlıq Mərkəzinin nadir müalicə ocaqlarından biri olduğu qeyd edilib, buraya xarici ölkələrdən çoxsaylı qonaqların gəldiyi vurğulanıb. Nadir təbiəti ilə seçilən Azərbaycanda mövcud olan “Yanar dağ” kompleksi, palçıq vulkanları, “Atəşgah” məbədi barədə də ətraflı məlumat verilib. Şəki Xan Sarayının gözəlliyi xüsusi qeyd edilib, ənənəvi şəkildə təşkil edilən “İpək yolu” beynəlxalq festivalından danışılıb.

Verilişdə Azərbaycan mətbəxinə də böyük diqqət yetirilib, milli yeməklərimiz haqqında dolğun məlumatlar yer alıb. Azərbaycan istehsalı olan qara kürünün bütün dünyada yaxşı tanındığı bildirilib. Verilişin aparıcıları həmin yeməklərin hazırlanmasında şəxsən iştirak etmələri barədə danışaraq, zəngin Azərbaycan mətbəxinin məxsusi tamı ilə seçildiyini xüsusi qeyd ediblər.

Azərbaycan barədə təqdim edilən məlumatlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycanın Yaponiyadakı səfirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, həmin verilişin yayımından sonra ölkəmizə turist səfəri üçün vizaların alınması ilə əlaqədar müraciətlərin sayı kəskin artıb.