Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Azərpoçt” MMC-nin tərkibində yaradılan “Şəbəkə” xidmət mərkəzlərinin fəaliyyətə başlamasının 3 ili tamam olur.
“Azərpoçt” MMC-dən AZƏRTAC-a bildirilib ki, hazırda respublika üzrə 10 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 4-ü isə Cəlilabad, Zaqatala, Sumqayıt və Ağdaş şəhərlərində yerləşir.
“Şəbəkə” xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 8 qurumu tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. “Şəbəkə” mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır.
Mərkəzlərdə əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərilir. Eyni zamanda, “Şəbəkə” xidmət mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka və açıqcaların satışı, pul köçürmələri, büdcə, kommunal, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, mobil cihazların IMEI qeydiyyatı həyata keçirilir. Müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. Şəbəkələrdə “SmartPay” ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür.
Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda, şənbə və bazar günləri xidmət göstərilir. “Şəbəkə” və “Azərpoçt” MMC-yə məxsus 169 Çağrı mərkəzi isə həftənin bütün günləri 24 saat ərzində daxil olan bütün sorğuları qəbul edir, cavablandırır. Eyni zamanda, “Azərpoçt” MMC-nin rəsmi saytındakı onlayn konsultasiya vasitəsilə müraciətlərinizi ünvanlaya bilərsiniz. “Azərpoçt” MMC və “Şəbəkə”yə məxsus “Facebook” səhifələrindən də operativ olaraq bizimlə əlaqə saxlamaq mümkündür.
“Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Yaxın zamanlarda xidmət mərkəzlərinin respublikanın bütün iri şəhər və rayonlarında da fəaliyyət göstərməsi nəzərdə tutulub.