PAYLAŞ
Şəki-Zaqatala

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu oktyabrın 16-da Zaqatalada keçirdiyi işgüzar forum keçirilib. Şəki-Zaqatala iqtisadi rayonunda heyvandarlıq, bağçılıq və sair sahələr üzrə 39 investisiya layihəsinin maliyyələşdirilməsinə 491 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 50-dək yeni iş yeri açılacaq.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, forum çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq təşkil edilib. Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi, tütünçülük, bağçılıq, arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbar kompleksinin, fındıq emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlətimizin başçısının müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, özəl sektorun davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini vurğulayıb. S.Məmmədov sahibkarların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında gördüyü işlər barədə məlumat verib. Bu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 134,1 milyon manat güzəştli kredit verilib. Həmin investisiya layihələrinin reallaşdırılması 4000-dən çox iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, bu dövrdə verilən güzəştli kreditlərin 65 faizi ölkə regionlarınındər. 35 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür.

Bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,7 milyon manat güzəştli kredit verilib.

Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi forumda sahibkarların sualları cavablandırılıb.