Ev Turizm Xəbərləri “Şəhərdən kəndə” layihəsi çərçivəsində Şamaxıya tur təşkil edilib

“Şəhərdən kəndə” layihəsi çərçivəsində Şamaxıya tur təşkil edilib

"Şəhərdən kəndə"

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin həyata keçirdiyi “Şəhərdən kəndə” layihəsi çərçivəsində aqro ekoturizmin inkişaf etdirilməsi məqsədilə sentyabrın 8-də Şamaxı rayonuna tur təşkil edilib.

Turda yerli və xarici turistlərlə yanaşı, səhmdar cəmiyyətinin əməkdaşları da turist qismində iştirak edib.

Turistlər ilk öncə Şamaxının Çaylı kəndində Habil Əzimova məxsus üzümçülük təsərrüfatı ilə tanış olublar. Sonra isə Qonaqkənd ərazisində kənd sakini İsayev Qüdrətin evinə gələrək burada kənd həyatının müxtəlif mənzərələrinə yaxından şahidlik ediblər.

Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib ki, rəhbərlik etdiyi qurum turizm agentlikləri, Azərbaycanda turizmin inkişafında maraqlı olan şirkətlər, eləcə də fermerlər və aqropark sahibləri ilə əməkdaşlıq edir: “Eyni zamanda bu layihə üzərində Dövlət Turizm Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də birlikdə çalışır. Biz Şamaxıya tur təşkil edəcəyimizlə bağlı elan vermişik və bunu həm yerli, həm də xarici turistlər çox maraqla qarşıladı. Biz özümüz də bura turist olaraq gəlmişik. Həm maraqlı insanlarla tanış olur, əylənir, həm də təbii qidalardan əldə edirik. “Şəhərdən kəndə” layihəsi çərçivəsində bu cür turlar tez-tez təşkil olunur. Vətəndaşlarımız turlarla bağlı məlumatı “Şəhərdən kəndə” layihəsinin və “Backpack Azerbaijan” şirkətinin sosial şəbəkədəki səhifəsindən, həmçinin http://sheherdenkende.az saytından əldə edə bilərlər. Bundan əlavə, layihə ilə bağlı əməkdaşlıq etmək istəyən hər bir şəxs “Aqrar Tədarük və Təchizat”a müraciət edə bilər”.

Çaylı kəndindəki üzümçülük təsərrüfatının sahibi Habil Əzimov isə təsərrüfatında 10 sort üzüm yetişdirdiyini bildirib: “2004-cü ildən etibarən yaxınlıqda olan kənddən əhaliyə məxsus fərdi pay torpaqlarını alaraq 30 hektara yaxın torpaq sahəsi yaratdıq. Planımız bu ərazidə üzüm bağının salınması idi və artıq buna nail olmuşuq. Hazırda təsərrüfatımızda yerli və xaricdən gətirilmiş 10-a yaxın redqlob, sultani, prima, kardinal, attika, viktoriya, mədrəsə və digər üzüm sortları yetişdirilir. Bağ artıq məhsul verib. Əsasən, kişmişi, yəni tumsuz üzüm sortlarına üstünlük veririk ki, bu da bazardakı tələbatla bağlıdır. Təsərrüfatımızda əkilən əsas üzüm sortları içərisində redqlob, prima sortlarını da misal göstərmək olar. Məqsədimiz həm yaxınlıqda olan kənd sakinlərinin işlə təmin olunması, həm də əhaliyə keyfiyyətli qida məhsullarının təqdim edilməsidir”.

Tur iştirakçıları da bu cür səfərlərin keçirilməsindən məmnun olduqlarını ifadə ediblər. Xüsusilə təbii qaydada yetişdirilən üzümün və müxtəlif başqa məhsulların dadına baxmaq, eyni zamanda yerli sakinlərlə bərabər kənd həyatında baş verən proseslərdə iştirak etmək turistlər tərəfindən böyük rəğbətlə qarşılanıb.