Malmö

Sonuncu Kopenhagen yazımda da qeyd etdiyim kimi, Kopenhagenə getmək üçün Budapeştdən İsveçin Malmö şəhərinə uçub oradan da qatarla Kopenhagenə keçmişdim. Deyirdim getmişkən 3-4 gün içərisində 2 ölkə, 2 fərqli şəhər görərəm.

Malmö İsveçin 3-cü, Skandinaviyanın isə 6-cı böyük şəhəri olmasına baxmayaraq şəhər elə də böyük deyil. Şəhəri 1-1.5 gündə başdan-başa tam gəzmək olar. Elə bütün bunları nəzərə alaraq ilk günümü Malmödə keçirməyi qərarına gəlmişdim. İlk günü Malmödə keçirib, növbəti gün səhər tezdən Kopenhagenə yola düşəcəkdim.

Malmö

Pul vahidi

Danimarkada olduğu kimi İsveçdə də pulun adı krondur amma isveçlilər pulunu isveç kronu adı ilə çağırırlar. Kopenhagen paytaxt və və kosmopolit bir şəhər olduğundan qiymətləri kifayət qədər bahadır. Bizim kimi Couchsurfingdən istifadə edən gəzginlər üçün İsveç də baha sayılar amma Kopenhagenlə müqayisədə qiymətlər daha ucuzdur. Buna görə də bir xeyli insan Kopenhagendə işləməsinə və ya təhsil almasına baxmayaraq, evlərini Malmödə kiralayırlar.

Kron

Nəqliyyat

Hava limanından avtobusla (səhv etmirəmsə xüsusi avtobuslarda gediş qiyməti 10.5 avro idi) şəhərin mərkəzinə gəlib, dəmir yolu vağzalından hardasa 200-300 metr məsafədə olan turist informasiya mərkəzindən bir turist xəritəsi istədim. Mərkəzdə işləyən xanım da sağ olsun, bütün görülməli yerləri işarələdi. Xəritəmi götürüb yola düşdüm ki, işarələnmiş yerləri bir-bir gəzim. Bir neçə saat gəzdim, günortadan azca keçmişdi ki, Skandinav ölkələrinə xas bir tufan, leysan başladı ki, gəl görəsən. Külək də çətirimi sındırdı. Çətirimi zibil qabına atarkən gördüm ki, külək başqa birinin də çətirini qırıb, deməli bu şəhərdə çətiri sınan yeganə adam mən deyildim  Beləcə ilk günü erkən bitirməli oldum. Malmönü tam görə bilmədiyimə görə planlarda dəyişiklik etməli oldum. Ertəsi gün olan Kopenhagen səfərimi azacıq ertələməli oldum ki, Malmönü doya-doya gəzim.

nəqliyyat

Hostellər

Malmödə Ivana və Niko adlı çex və fransız bir cütlüyün evində couchsurfing elədiyimdən, qalmaq üçün yer məsləhət görə bilmərəm. Hostellər kifayət qədər bahalı idi. Yemək məsələsinə gəldikdə, digər Skandinav xalqları kimi İsveçdə də mətbəxdən danışmağa dəyməz. Bəxtimdən də çex və fransızın evində qalırdım. Axşam universitet yoldaşları ilə birgə yeməyə gedəcəkdilər və yeməyi macarlar hazırlayacaqdı, nə böyük sürpriz  beləcə axşamı da universitet kampusunda, macar mətbəxinı  dadaraq keçirəcəkdim.

hostel

İndi isə keçək ənənəvi Malmödə görməli yerlər siyahısı

  • Düşünmədən “Lilla Torg”u (Kiçik Meydan) bu siyahının başına yerləşdirirəm. İndiyənə kimi gördüyüm meydanlardan ən maraqlılarından biridir “Lilla Torg”. Meydan çox kiçikdir və hər tərəfdən 1 və ya 2 mərtəbəli evlərlə əhatə olunub. Evlərin altında da kiçik, şirin kafelər var.
  • “Hedmanska Garden” “Lilla Torgun” yanında yerləşən 1500-cü illərdən qalma qədimi bir isveç evidir. Həyəti və baxçası ilə birlikdə çox xoş aura yaradır.
  • Strotorget” – bizim bu “Lilla Torg”un daha böyük versiyasıdır. Bu meydan da eynilə şirin, 2-3 mərtəbəli evlərlə əhatə olunub. Qışda bu meydan xizək meydançasına çevrilir. Meydandan şəhər mərkəzinə irəliləyərəkən bürüncdən hazırlanmış musiqiçi heykəllərini görəcəksiniz. Bu əcaib heykəllər bir növ Malmönün simvollarıdır. Bura gələn  hər kəs mütləq bu heykəllərlə şəkil çəkdirir. Meydandakı şəhər bələdiyyə binasını isə qeyd etməsəm də, sizin diqqətinizi cəlb edəcək.
Lilla Torg

Turistik yerlər

  • Stortorgetin bir də küçəsi var. Bütün şəhərlərdə olan ən mərkəzi turistik küçə kimi bura da nəqliyyat üçün qapadılıb ancaq piyada gəzmək olar və təbii ki, digər bütün turistik mağazaları, restoranları görə bilərsiniz.
  • Böyük Meydana yaxın digər görülməli yer isə Müqəddəs Peter kiləsəsidir. Kilsə 14-cü əsrin əvvəllərində qotik üslubda inşa olunub. Skandinav ölkələrində dinə olan münasibəti də məhz bu kiləsədə görmək olar. Kilsənin içərisində qəhvə və çay maşını var, istəsəniz, soyuq bir qış günündə mənim kimi bir stəkan isti qəhvə içərək isinə bilərsiniz.
  • Bu 2 meydandakı evləri gördünüz amma onların şirinliyi sizi o qədər cəlb etdi ki, onlara doya bilmədiniz və yenə eyni tipli evlərdən görmək istəyirsiz. Malmö üçün bu istək heç də problem deyil. Lilla Torg ilə aşağı doğru irəliləsəniz “Gamla Vaster”ə çatacaqsınız. Burada olan şirin, qədimi evləri görəndə içinizdən köçüb buralarda yaşama istəyi tumurcuqlayacaq.
  • Malmödəki maraqlı məkanlardan biri də “Mollevangstorget” bazarıdır. Bu bazarda dünyanın müxtəlif ölkələrinə aid geyim, ərzaq və s. tapa bilərsiniz. Bazarda tez-tez ərəb və türkcə elan tablolarına rast gəlmək olar. Bazara demək olar ki, həftənin bütün günləri insan axını olur. Bunun da əsas səbəbi, gəncləri cəlb edən ucuz qida və pivə içə bilmək imkanı var.
  • Malmödə görülməli digər bir arxitektur bina 190 metr hündürlüyündə olan “Turning Torso” binasıdır. Bina yerində firlanan bədən formasında tikilib. Mən noyabr ayında getdiyimdən qapalı idi, amma yay aylarında getmisinizsə, oradan çıxıb Malmöyə bir göz atmağa dəyər.
Lilla Torg

Malmö

  • Malmöhus qəsri” – Ətrafı suyla çevrələnmiş, bir neçə il həbsxana olaraq istifadə edilmişdir.
  • Kungsparken – Malmönün ən qədim parkdır. İsveçdə olan bir neçə qanuni kazinodan biri də məhz bu parkın içərisində yerləşir. Parkın içərisində yel dəyirmanı, bir neçə göl və s. var ki, onların köməyi ilə təbiətdən doya-doya həzz ala bilərsiniz.
  • Kopenhagendəki Kiçik Dəniz qızı heykəlinin Malmö versiyası yəqin ki, “Knotted gun” heykəlidir. Heykəl dəmir yol vağzalına bir neçə yüz metr məsafədə yeləşir. Hətta turist informasiya mərkəzininin demək olar düz yanındadır. Heykəl zorakılığa etirazı simvolizə edir. İsveçli heykəltaraş Karl Fredrik Reutersward bu heykəli 1980-ci ilə açılan atəş nəticəsinə dünyasını dəyişmiş məşhur John Lennona həsr edib. Bu heykəlin dünyada 3 dənə originalı, onlarla isə nüsxəsi var. Originalları Nyu Yorkda, Luxemburgda və Malmödədir.
  • Malmödə son olaraq baş çəkilməli olan məkan “Ebba’s House” adlanan Ebbanın evidir. İçərisi 1900-cü illərin əvvəlindəki kimi dekor edilmiş bu ev, Malmönün ən balaca evidir.
Ebba’s House

Malmö haqqında bu qədər. Kiçik amma sevimli olan Malmöyə görə durub İsveçə gəlinməz amma Kopenhagenə gəlmisinizsə, mütləq Malmöyə də baş çəkin. Elə sadəcə dənizin üzərindəki Oresund körpüsündən keçməniz nəyə desən dəyər.



BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin