Ev Gəzməli yerlər Yerlər Səyahət zamanı işinizə yarayacaq 10 sayt

Səyahət zamanı işinizə yarayacaq 10 sayt

Artıq səyahət planlaşdırmaq elə də çətin deyil.

İnternet, sosial şəbəkələr, müxtəlif saytlar sayəsində 1 aylıq səyahəti 1 günə planlamaq olur. Sizə kömək edə biləcək saytları bölüşürük. Faydalanın, kimsəyə ağız açmadan səyahətinizi özünüz planlayın və bol-bol gəzin.

1. ACCUWEATHER.COM

Accuweather.com

Getdiyiniz ölkədə, şəhərdə “hava necə olacaq”, – yəqin bilmək istəyərsiz. Çünki mənim kimi siz də getdiyiniz ölkədə vaxtınızın pis keçməsini istəməzsiniz. Kim hava şəraitinə görə otel divarlarına baxaraq tətil keçirmək istəyər ki?! Ona görə də, ilk iş havanın necə olacağını bilmək və səyahəti ona uyğun planlaşdırmaqdır. Çox vaxt Accuweather.com saytının proqnozlarına güvənərək yola çıxırıq.

2. SKYSCANNER.NET

SKYSCANNER.NET

Dünyada ən çox bilet axtarışı edilən bu sayt vasitəsilə büdcənizə uyğun təyyarə bileti tapa bilərsiniz. Bilet qiymətləri dəyişkən olduğundan gün ərzində vaxt tapıb sayta nəzər yetirin. Əgər vaxtınız yoxdursa, “Qiymət siqnalı” (Price alert ) funksiyasını aktiv edin. O sizin yerinizə büdcənizə uyğun qiymətləri tapıb çıxaracaq. Gedəcəyiniz yerə təyyarə biletini axtarış verdikdən sonra nəticələrin sol tərəfində “Qiymətlərdən xəbərdar ol” linkinə klikləyin. Bilet qiymətlərində dəyişikik olarsa, sayt sizi email yollamaqla xəbərdar edəcək.

3. BOOKİNG.COM

BOOKİNG.COM

Otel seçərkən ən çox müraciət olunan saytdır. Sayta abunə olmaqla endirimlərdən yararlana bilərsiniz. Bir də Roomkita.com saytı var ki, booking.com, hotels.com, expedia.com, hrs.com,easytobook.com, getaroom.com kimi otel rezerv saytlarını bir yerdə cəmləyir və otel seçimini asanlaşdırır. Airbnb.com, kayak.com kimi saytlar isə səyahətsevərlərə hər büdcəyə uyğun kirayə evləri təqdim edir.

4. ROME2RİO.COM

ROME2RİO.COM

Bu sayt hər addımda köməyə çatır. İstiqamətinizin başlanğıc və son nöqtələrini qeyd edib haraya necə, hansı nəqliyyat vasitəsilə və neçəyə gedə biləcəyiniz haqda məlumatları qarşınıza çıxarır. Bununla da, sərfəli nəqliyyat vasitəsini seçərək səyahətinizi planlaşdıra bilərsiniz.

5. VİAMİCHELİN.COM

Viamichelin.com

Viamichelin.com saytı maşınla səyahət edənlər üçün çox əlverişlidir. Sayt səyahət planlaşdırarkən seçdiyiniz yollarda (qısa, uzun, daha maraqlı kəşf ediləcək yeni yerləri görməklə) səfər ərzində sizə bələdçilik edir.

6 Eventful.com

Eventful.com

Eventful.com saytı vasitəsilə səfər edəcəyiniz şəhərdəki festivallar, konsert və başqa tədbirlər haqda məlumat əldə edə bilərsiniz. Bunun üçün saytda qeydiyyatdan keçərək maraq dairənizə uyğun sahəni seçdikdən sonra emailinizə müntəzəm olaraq məlumat axışını təmin edə bilərsiniz. Məsələn: Lyublyanadasınız və Maribordakı konsertdən xəbəriniz yoxdur. Eventful sayəsində bunu öyrənmək asandır.

7. CİTY-DİSCOVERY.COM

CİTY-DİSCOVERY.COM

Bu sayt vasitəsilə səyahət etdiyiniz şəhərlərdə müxtəlif turlar (Məs: hop on- hop off bus tour) haqda məlumat alıb əvvəlcədən bilet rezerv edə bilərsiniz. Gedəcəyiniz şəhərdə turist informasiya mərkəzlərini axtarmamaqla yanaşı, vaxt itirmədən daha ucuz biletlər əldə etməklə səyahətinizi daha da əyləncəli edə bilərsiniz.

8. GETYOURGUİDE.COM

GETYOURGUİDE.COM

Bu sayt vasitəsilə turistik şəhərlərdə baş çəkəcəyiniz muzeylərin önündə saatlarla bilet növbəsində vaxt itirməyəcəksiniz. 1940 istiqamətdə 20000-dən çox tur və digər fəaliyyətlərə aid biletləri bu saytdan əldə etmək mümkündür.

9. EATWİTH.COM

EATWİTH.COM

Bu sayt səyahət edəcəyiniz şəhərdə turistlərlə ev sahiblərini eyni süfrə arxasında birləşdirir. Deməli, gedirsiniz bir şəhərə, həmin ölkədə bir ailəyə qonaq olursunuz, kiçik bir məbləğ qarşılığında milli mətbəxindən dadırsınız, insanları ilə yaxından tanış olur, ölkə haqqında daha da geniş məlumata sahib olursunuz.

10. GOOGLE DRİVE

Google Drive

Google drive səyahət vaxtı sənədlərinizin nüsxələrini saxlamağa imkan yaradır. 15 GB yaddaşla bütün sənəd, şəkil, video və s. saxlamaq üçün çox gözəl depodur. Əgər yaddaş kifayət deyilsə, müəyyən məbləğ qarşılığında yaddaşı artıra bilərsiniz. Sənədlərinizi, çantanızı itirsəniz, imdadınıza google drive çatır.Bundan başqa dropbox, skydrive, yandex kimi saytlardan da depo kimi istifadə edə bilərsiniz.