Bugün, xüsusilə də ölkə xaricində gəzintilər zamanı qalacağımız yerlərlə bağlı məlumatları özündə birləşdirən ilk onlayn şirkət Airbnb 21-ci əsrin ən ruhlandırıcı uğur hekayələrindən birinə çevrilib. Belə böyük bir şirkət olmamışdan əvvəl Airbnb sadəcə üç dostun öz kirayə haqqını ödəmək üçün pul qazanmağa çalışdıqları bir fikir idi.
Milli.Az techland.az-a istinadən bildirir ki, işsiz və minlərlə dollar kredit kartı borcu olan şirkət qurucuları şəhərdə kifayət qədər otellərin olmadığı qənaətinə gələrək, şişmə yataqları icarəyə götürür və öz evlərində otaqlarını kirayə verməyə başlayırlar.
Airbnb-nin qurulması arzu və qətiyyətlilik nümunəsidir. Belə ki, 2007-ci ildə təsisçilər Brian Chesky və Joe Gebbia Nyu-Yorka köçürlər. Kirayə ödəməkdə çətinlik çəkdikləri üçün işsiz Chesky və Gebbia pul qazanmağın müxtəlif yollarını axtarır. Bir gün onlar şəhər turizminin inkişaf etdiyini və çox turist cəlb etdiyini, lakin bütün otellərin dolu olduğunu görürlər.
Bu fikirlə pul qazana biləcəklərini düşünən təsisçilər dərhal bir neçə şişirdilmiş çarpayı alıb “Şişirdilmiş Yataq və Səhər yeməyi” adlı bir sayt qururlar. Şirkətin adı da məhz buradan gəlir (Air Bed and Breakfast). Saytın əsas məqsədi 80 dollar ödəməklə ziyarətçiləri yata biləcəyi bir yer və səhər yeməyi ilə təmin etmək idi. Beləliklə ilk qonaqlarını – 30 yaşındakı bir hindli, Bostondan gələn 35 yaşındakı bir qadın və 45 yaşında dörd uşaq atasını qəbul edən sayt ilk uğurunu qazanır.
