PAYLAŞ
Srisuda Vanapinyosak

Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması iki ölkə arasında turist axınını daha da artıracaq.

Bu sözləri eksklüziv müsahibəsində “Tailanddan MDB ölkələrinə” adlı infotur layihəsi çərçivəsində Bakıda təşkil olunan təqdimat mərasiminin iştirakçısı Tailand turizm idarəsinin sədr müavini Srisuda Vanapinyosak deyib.

Bakıya ilk dəfə səfər etdiyini deyən tailandlı qonaq Heydər Əliyev Beynəlxalq Hava Limanı və “Silk Way Travel” turizm şirkətinin nümayəndələri ilə səmərəli görüşlər keçirdiyini bildirib. O, görüşlər zamanı Azərbaycanla Tailand arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi eləcə də, turist axınını sürətləndirəcək birbaşa reyslərin açılması məsələlərinin müzakirə olunduğunu qeyd edib.

“Azərbaycan, xüsusilə də paytaxt Bakı çox gözəldir. Tailandlı turistlərin ölkənizə gəlməsini təmin etmək olar. Azərbaycanın zəngin mədəniyyəti və tarixi, eləcədə də insanları ilə yaxından tanış etmək üçün böyük bir potensial mövcuddur. Lakin tailandlılar ölkəniz haqqında məlumatlı deyillər. Düşünürəm ki, onlar Azərbaycan haqqında daha çox məlumatlandırılsa, buraya daha çox gəlmək istəyərlər,” – deyə o bildirib.

Srisuda Vanapinyosak hər il 2000-ə yaxın azərbaycanlı turistin Tailanda səfər etdiyini qeyd edib. “Ancaq Azərbaycan və Tailand arasında birbaşa aviareyslərin olacağı təqdirdə bu sayın artırılması üçün böyük potensial mövcuddur. İnanıram ki, iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi sayəsində hər iki ölkənin vətəndaşları üçün səfər etmək daha da asanlaşacaq. Bu da öz növbəsində, hər iki istiqamətdə turistlərin sayının çoxalmasına təkan verəcək,”.