Ev Turizm Xəbərləri Tarixi Aya Sofya qərarı: Türkiyə tələsdi?

Tarixi Aya Sofya qərarı: Türkiyə tələsdi?

Aya Sofya

Aya Sofyanın türk və bütövlükdə islam dünyası üçün əhəmiyyəti böyükdür. Çünki bu dini məbəd müqəddəs kitabımız olan Qurani-Kərimin “Fəth” surəsində müjdələnən, hökmdar Fateh Sultan Məhmədin Konstantinopolu fəth etməsindən sonra məscidə çevrilməsinə izn verdiyi kilsədir. Onu da qeyd edim ki, dahi türk hökmdarı Aya Sofyada ilk namaz qılanlar sırasındadır.
Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Aya Sofyanın 85 ildən sonra yenidən məscidə çevrilməsi barədə Türkiyənin qərarını şərh edərkən deyib. O bildirib ki, bu gün İstanbulda Aya Sofyadan daha əzəmətli, daha böyük və daha görkəmli məscidlər var:
“Bu gün verilməsi zəruri olan bir sual var: Aya Sofyanın yenidən məscidə çevrilməsinə ehtiyac vardımı? Düzdür, bu, islam dünyasına çox böyük töhfədir. Yəni bu qərar hər bir müsəlmanı sevindirir. Lakin Aya Sofya yalnız islam deyil, eyni zamanda xristian dünyası üçün də müqəddəs məkandır. Bu abidə dinlərin ortaq dəyəridir. Bu gün İstanbulun bir adı da “məscidlər şəhəri”dir. Şəhəri görənlər bilir ki, İstanbula istənilən nöqtədən baxdıqda əzəmətli məscidlər bir-biri ilə yarışa durur. İstanbulda azan duyulmayan bir məhəllə belə yoxdur. 1453-cü ildə Fateh Sultan Məhməd Konstantinopolu fəth etdikdə bu şəhərə elə vurğun olmuşdu ki, şəhərdə yalnız iki şeyi dəyişdirdi – Konstantinopolu İstanbul, Aya Sofya kilsəsini məscid etdi. Bu, o dövr üçün vacib bir qərar idi, çünki şəhərdə xristian əhali çox idi. Yəni islamlaşmaq və islami görüşü təbliğ etmək üçün xristian dünyasının ən böyük kilsəsi məscid edildi. Bu ənənə sonrakı dövrlərdə də davam etdi. Və Osmanlılar hər fəth etdikləri şəhərdə ən azı bir kilsəni müsəlmanlar üçün məscid edirdi. Fateh Sultan Məhmədin nəvələri isə Aya Sofyanı belə geridə qoyan, islam dünyasının inciləri sayılacaq tarixi məscidlər tikdirdi. Misal üçün Qanuni Sultan Süleyman dövrünün və bütövlükdə türk dünyasının ən böyük memari olan Memar Sinana məşhur Süleymaniyyə məscidini tikdirdi. Sultan Süleymanın oğlu İkinci Səlim isə yenə eyni memara məşhur Səlimiyyə məscidini inşa etdirdi”.
Politoloq bildirib ki, Memar Sinan bu məscidləri məhz Aya Sofyanın tarixi memarlarının layihələri, eskizləri üzərində işləyərək hazırlayıb:
“Osmanlı xanədanında davam edən bu məscidtikmə ənənəsinin ən pik həddi isə Sultan Əhməd dövrünə təsadüf edir. Bu gün də öz əzəmətilə İstanbulun bütün məscidlərini, hətta Aya Sofyanı geridə qoyan Sultan Əhməd məscidi İstanbulun ən görməli yerlərindəndir. Bu mənada düşünürəm ki, bu reallıqlar altında Aya Sofyanın yenidən məscidə çevrilməsi qərarı tələskənlikdir”.
Politoloq qeyd edib ki, Atatürk zamanında imzalanan 1934-cü il tarixli qərar Türkiyə multikulturalizmi və dini azadlığının təcəssümü idi:
“1934-cü il tarixli qərarla Aya Sofya məscidi rəsmən bir muzeyə çevrildi. Məhz bundan sonra abidədə bir çox restavrasiya işləri aparıldı. Qazma işləri zamanı isə bir çox yeni kəşflər əldə edildi. Eyni zamanda turistlər tərəfindən böyük rəğbət görən Aya Sofya Türkiyəyə turizm sahəsində ciddi gəlirlər gətirməkdədir. Bu gün belə bir qərarın verilməsi, düşünürəm, Türkiyənin həm turizminə, həm də prestijinə zərbə ola bilər. Çünki nəzərə alsaq ki, bu qərar xristian dünyasında əks-səda doğurub. Hətta buna görə sanksiya təklifləri səsləndirilir. Bütün bu şərtlər çərçivəsində düşünürəm qərar erkən verildi”.