Ev Turizm Xəbərləri Turizm brendi üzrə Azərbaycan Brend Mərkəzi platforması yaradılıb

Turizm brendi üzrə Azərbaycan Brend Mərkəzi platforması yaradılıb

turizm

Azərbaycan Turizm Bürosu tərəfindən peşəkar dizaynerlər və “Azərbaycan: Bir daha bax” konsepsiyası barədə daha geniş məlumat axtarışında olanlar üçün Azərbaycan Brend Mərkəzi platforması yaradılıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən platformada istifadəçilərə brendin tarixçəsi barədə məlumat verilir. Bununla yanaşı, bu brendə daxil olan elementlərin müxtəlif formaları ilə tanış olmaq, məlumatları müxtəlif vizuallıqlarda əldə etmək imkanı təqdim olunur.

Platforma istifadəçiləri Azərbaycanın turizm loqosunun fərqli versiyalarını hazırlamaq üçün texniki biliklərlə təmin edir. Həmçinin mövcud brend elementlərini də yükləmək mümkündür.

Bundan başqa, veb-sayta mütəmadi olaraq yenilənəcək foto və video baza da daxildir.

Veb-saytın imkanlarından istifadə etmək üçün https://azerbaijanbrandcenter.com/user/login keçidinə daxil olaraq onlayn qeydiyyatdan keçmək tələb olunur.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Brend Mərkəzinin yaradılmasına münasibətini bildirib. O bu addımı dizaynerlərin bacarıqlarının inkişaf etdirilməsi baxımından uğurlu addım kimi qiymətləndirib. O qeyd edib ki, “Azərbaycan: Bir daha bax” brendi ideyasının uğur qazanmasının səbəblərindən biri onu dəstəkləyən vizual vasitələrin uğurlu seçimi olub.

Xatırladaq ki, “Azərbaycan: Bir daha bax” qlobal marketinq kampaniyası bundan öncədə keçirilib. İlk dəfə 2018-ci ilin noyabr ayında Londonda keçirilən “World Travel Market” sərgisində dünya ictimaiyyətinə təqdim edilib. Azərbaycanın yeni turizm brendi bu günədək 15 ölkədə keçirilmiş 30-a yaxın beynəlxalq sərgi və təqdimatlarda ölkənin turizm imkanlarının yeni tərzdə çatdırılmasında önəmli rol oynayıb. 20-dən çox beynəlxalq mükafata layiq görülüb.