TedQual

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi turizm və otelçilik ixtisası üzrə təhsil proqramları Ümumdünya Turizm Təşkilatının (ÜTT) nüfuzlu “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Cənubi Qafqaz regionundakı ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyətdir.

Sözügedən nailiyyət Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin potensialının artırılması” layihəsi çərçivəsində əldə edilib. 2018-ci ilin dekabrından icra edilən layihənin məqsədi müvafiq ixtisas üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihənin hədəfi isə təhsil müəssisəsinin institusional potensialının gücləndirilməsidir. Azərbaycan Respublikası hökumətinin turizm sahəsində qarşıya qoyduğu yüksəkixtisaslı kadr hazırlığı işinə daha səmərəli töhfə verməkdir.

1998-ci ildə təsis olunmuş “UNWTO.TedQual” Sertifikasiya Sistemi turizm sahəsində təhsil, təlim və tədqiqatların ən qabaqcıl keyfiyyət standartı hesab olunur. ÜTT Akademiyası tərəfindən nizamlanır. Bu keyfiyyət sistemi ali təhsilin turizm ixtisası üzrə proqramlarının pedaqoji məzmunun və təşkilinin səmərəliliyini qiymətləndirir. Keyfiyyət sisteminin əsas tələblərindən biri də turizm sənayesinin, vətəndaş cəmiyyətinin və tələbələrin ehtiyaclarının proqramın təşkilində nəzərə alınmasıdır.

“UNWTO.TedQual” Ali Təhsil Müəssisələri Şəbəkəsinə qoşulan ATMU akademik heyət üzvlərinin və tələbələrin mübadilə proqramlarında iştirak hüququ əldə etməklə bərabər olub. Bilik və təcrübə mübadiləsi fürsətlərindən bəhrələnmək imkanı da qazanıb. ABŞ-ın Corc Vaşinqton Universiteti, Kanadanın Kvebek (Monreal) Universiteti, Türkiyənin Boğaziçi və Akdeniz universitetləri, Çinin Sun Yat-sen Universiteti və Honq Konq Politexnik Universiteti kimi tanınmış ali təhsil müəssisələri bu mötəbər şəbəkənin üzvləridir.

Xatırladaq ki, ötən il layihə çərçivəsində ATMU turizm və qonaqpərvərlik sahəsində mütəxəssislər hazırlayıb. Bu fəaliyyətinə görə ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi uyğunluq sertifikatını əldə edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin