Ev Turizm Xəbərləri Türkiyənin bilmədiyiniz kurortları

Türkiyənin bilmədiyiniz kurortları

Türkiyə

İnanılması çətin olsa da, amma büdcəli turistləri maqnit kimi özünə çəkən, onları “hər şey daxil” sistemi ilə cəlb edən Türkiyədə də sakit, xəlvəti və ardı-arası kəsilməyən turistlərin axınına uğramayan yerlər mövcuddur.

Gezmeli.az tonkosti.ru saytına istinadla qələbəliyi sevməyən turistlərin xoşuna gələcək Türkiyə kurortlarından bəhs edəcək.

Bu cür heyrətamiz məkanlardan biri Fəthiyənin ətrafında yerləşən Çalış qəsəbəsidir. Burada demək olar ki, elə bir infrastruktur yoxdur: sahilboyu tikilmiş kiçik otellər və Avropa və Şərq mətbəxlərinin nümunələrinin təqdim edildiyi bir iki balaca restoran. Amma sərbəst, təmiz və çox gözəl çimərliklər (doğrudur, rezin ayaqqabı ilə üzmək məsləhət görülür, çünki dənizin dibi daşlıdır) istirahət üçün çox əladır. Şəhər əyləncələrində iştirak etmək üçün isə piyada Fəthiyəyə getmək mümkündür.

İntrovert kurort həvəskarları üçün ən yaxşı istirahət məkanlarından növbətisi isə ecazkar dağ-dəniz mənzərəsi olan Ölüdənizdir. Buradakı mərkəzi Laquna sahilində səs-küylü ola bilər (insanlar idmanla məşğul olur və uşaqlarla istirahət edirlər), amma ətrafdakı Kidrak çimərliyində və nəhayətsiz qumluqları olan uzaqdakı Patara-Biçdə çox sakit və rahat şərait var.

Ölüdənizdə sakit dincəlmək istəyənlər tələsməlidir. Ətrafda sürətlə tipik otel kompleksləri tikilir. Məzuniyyəti oktyabra da planlaşdırmaq məsləhət deyil, çünki hava oyunları festivalı şəhəri yerli həvəskarların toplaşdığı mərkəzə çevirir.

Dənizin kənarında, qumluqda uzanıb dincəlməklə yanaşı ekskursiyalara getmək istəyənlər üçün Olimposa yollanmaq məsləhət görülür. Zəngin tarixi olan bu qədim şəhər günümüzdə milli park statusu alıb. Bu səbəbdən burada turizmi inkişaf etdirmək qadağan edilib. Burada otellərin yerinə koloritli pansionatlar, hətta ağaclarda tikilmiş bunqalo və taxtadan evlər mövcuddur. Çınqıllı, təmiz və dəniz tısbağalarının bol olduğu çimərlik, habelə Likiya sərdabaları, akropol və Yanartaş dağının ətəyi bu yerlərə xüsusi gözəllik bəxş edir.

Füsunkar türk çimərlikləri insan axınına uğrayan turizm məkanlarında uzaqlıqda “gizlənir”: Antalyadan 40 kilometr məsafədə yerləşən Kaputaş isə qayaların əhatəsindəki mənzərəli buxtadır. Akgöl gölünün yaxınlığında olan eyniadlı qoruq da gözəl istirahət məkanıdır. Dalyan rayonunda olan İztuzu tısbağa yuvaları və ağ-qızılı qumluqları, Marmarisin 80 kilometrliyində yerləşən Knidos isə təmiz suyu və dayvinq üçün əlverişli şəraiti ilə seçilir.

İstanbulun yaxınlığındakı sahildə də dincəlmək olar. Bərə ilə cəmi 1,5 saata siz meqapolisin səs-küylü atmosferindən Şahzadə adalarındakı idillik mühitə düşəcəksiniz. Böyükada və Heybəliada mərkəzi çimərlikləri daim dolub-daşır. Onların qonşuluğunda yaxşı infrastrukturu olan pullu istirahət zonaları və rahatlığı olmayan vəhşi yerlər var. Bu məkanlarda siz dənizin təmizliyindən və gözəl panoramdan zövq ala bilərsiniz.