Ev Yerlər Ölkələr Türkiyənin turizm paytaxtı Antalya – REPORTAJ

Türkiyənin turizm paytaxtı Antalya – REPORTAJ

              Türkiyənin turizm paytaxtı

“Hörmətli sərnişinlər, Bakı-Antalya istiqamətində uçuşu yerinə yetirən “Embraer 190” təyyarəsində sizi salamlayırıq. Xahiş edirik fərdi masaları bağlayın, oturacaqların arxasını şaquli vəziyyətə gətirin. Qoruyucu kəmərləri bağlayın və ölçünüzə uyğun tənzimləyin. Xatırladırıq ki, uçuş zamanı bütün elektron avadanlıqlar söndürülməlidir. Sizə xoş və rahat uçuş arzu edirik. Diqqətinizə görə təşəkkürlər”.

Yolumuz qardaş ölkə Türkiyənin həm havasına, həm mənzərəsinə, həm də turizm potensialına görə dünya şəhərləri sırasında fərqlənən şəhəri Antalyayadır.

Uçuşumuzu 2016-cı ildə “AZAL”ın yaratdığı aşağı büdcəli aviaşirkət olan “Buta Airways” həyata keçirir. Milli ornamentimiz olan buta üslubunda qırmızı simurğ quşu və təyyarənin bütün gövdəsi boyu əks olunan parlaq naxışlarla bəzədilən təyyarənin görüntüsü möhtəşəmdir.

Bu aviaşirkətə məxsus reyslər də ucuz olduğuna görə çox əlverişlidir. Bu səbəbdən Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfər etməsi üçün “Buta Airways”i seçməsi məsləhətdir.

Uçuş zamanı insana zövq verən amillərdən biri də təyyarədə göstərilən xidmətdir. Reys daxilində spirtli, sərinləşdirici, isti içkilər və soyuq qəlyanaltı almaq mümkündür. Qiymətləri baha deyil.

Xidmətə hər bir sərnişin üçün pulsuz təklif edilən sendviç və su da daxildir.

Pilotun sözlərinə görə, Bakıdan Antalyaya qədər müddət 2 saat 40 dəqiqə təşkil edir.

Buludların arasında rəqs edən təyyarəmiz bir neçə dəfə burulğana düşür. Lakin buna baxmayaraq, pilotumuz heç bir narahatlığa əsas olmadığını bildirir.

Göyün yeddinci qatından (adətən, belə deyirlər) yerə baxanda hər şey fərqli görünür. Sanki rəsm dəftərinin üzərində cızma-qaralar etmisən.

Uzun bir uçuşdan sonra Antalya Hava Limanına çatdıq.

Antalya

Bizi “Summer Tour” şirkətinin əməkdaşları qarşıladı. Şirkətin əməkdaşı səfər proqramı haqqında məlumat verərkən bildirdi ki, Türkiyədə turizm mövsümü rəsmi olaraq 23 aprel – Uşaq bayramı günündə açıq elan edilir. Lakin buna baxmayaraq, artıq qonaqlar çoxdan gəlməyə başlayıb.

Hotelə çatanda xeyli turistin artıq istirahət üçün gəldiyinin şahidi oluruq.

Səfər proqramına əsasən, üç gün (27, 28, 29 aprel) Antalyanın Kemer bölgəsində yerləşən “Rixos Sungate” hotelində qonaq olduq.

Beş ulduzlu və cəmi 1094 otaqdan ibarət olan hoteldə, demək olar ki, boş yer yox idi. Görünür, göstərilən yüksək xidmət turistləri bura gəlməyə vadar edir. Axı necə etməsin? Bir tərəfdən mənzərəsi dağlara, bir tərəfdən Aralıq dənizinə, digər tərəfdən də meşəliyə açılan hotel cənnəti xatırladır.