PAYLAŞ
Xınalıq

İki min metr yüksəklikdə yerləşən bu yer bundan sonra turistlərin marağını daha çox cəlb edəcək. Söhbət Qubanın Xınalıq kəndindən gedir.

Buna səbəb isə “VarYox” mədəniyyət və incəsənət təşkilatının rəhbərlik etdiyi “Dağların başı” layihəsidir.

Layihənin koordinasiyasını Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi edir. Məqsəd incəsənət mütəxəssislərinin iştirakı ilə Xınalıq icmasının mədəni-sosial və iqtisadi həyatını canlandırmaq, toxuculuq üzrə yeni yaradıcı dizayn yanaşmasını tətbiq etmək, buranın təbii və mədəni resurslarından istifadə edərək müxtəlif yeni fəaliyyət növlərini və məhsullarını yaratmaqdır.

Avqustun 16-dan başlayan layihə müddətində azərbaycanlı və xarici sənətkarlar Xınalıq kəndində məskunlaşıb mədəniyyət və incəsənət nümunələri ərsəyə gətiriblər. Burada yerli əhaliyə xarici turistlərlə ünsiyyət bacarıqlarının gücləndirilməsi istiqamətində təlimlər keçilib.

Gələcəkdə də qoruğun sosial-mədəni həyatının inkişaf etdirilməsi məqsədilə bu növ təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. Sentyabrın 6-da Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalının açılış mərasimi keçirilib.

Açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və digər qonaqlar iştirak edib. Sentyabrın 8-dək davam edəcək festival müddətində Azərbaycan, Gürcüstan və Macarıstandan olan musiqiçilər öz ifalarını nümayiş etdirəcək və müxtəlif master-klasslar keçəcəklər.

Layihə ərzində ərsəyə gətirilmiş məhsulların satışı məqsədilə yarmarka fəaliyyət göstərir.

F.Zenqstşmidin sözlərinə görə, bugünkü festival üç həftənin nəticəsidir: “Bu müddət ərzində peşəkarlardan ibarət komanda Xınalıqda çalışdı. Həm sənətkarlar, həm də Xınalıq xalqının yerli icması gələn qonaqlarla birlikdə festivalı ərsəyə gətirdi”.

Layihə rəhbəri Sitarə İbrahimbəyli bildirib ki, Xınalıqda ötən il ”vorkşop”lar keçirilib və bu il üçün daha böyük layihə etmək qərarına gəliblər: “2018-ci ilin noyabrından bu layihənin üzərində işləyirik. Bir ay əvvəldən tanınmış rəssamlar və memarların iştirakı ilə uşaqlara dərslər keçilib. Buradakı insanlar daha çox toxuculuqla və dağlardan müxtəlif bitkilər toplayıb satmaqla məşğul olurlar. Biz də onlara həmin bitkiləri toxuduqları məhsullarla birlikdə turistlərə təqdim etməkdə yardımçı olduq. Həmçinin, insanların dünya görüşünü artırmağa çalışdıq. Layihə çərçivəsində ingilis dili, teatr, foto dərsləri verilib. 12 uşağın iştirakı ilə foto müsabiqəsi keçirilib. Müsabiqə üçün çəkilmiş fotolar isə satışa çıxarılıb. Eyni zamanda, bəzi kənd sakinlərinə müxtəlif növ bəzək əşyalarının düzəldilməsi öyrədilib. Burada yaşayan uşaqlar bugünədək teatr və səhnənin nə olduğundan xəbərsiz idilər. “VarYox” komandası olaraq, onlara bununla bağlı da dərslər keçildi. Üç gün davam edəcək tədbirdə onlar da öz məharətlərini nümayiş etdirəcəklər. Bundan əlavə, yoqa, meditasiya “vorkşop“ları və açıq havada kino nümayişi təşkil olunub”.