Ev Turizm Xəbərləri “Welcome to Azerbaijan” kitabı işıq üzü görüb

“Welcome to Azerbaijan” kitabı işıq üzü görüb

“Welcome to Azerbaijan”

Bakıda “Welcome to Azerbaijan” kitabı işıq üzü görüb. 

Nəşrin müəllifləri Azərbaycan Dillər Universitetinin (ADU) professorları Məsməxanım Qazıyeva və Sevinc Zeynalova-dır. Redaktorları isə Böyük Britaniya vətəndaşı, jurnalist İan Peart və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Səadət İbrahimovadır. 

Azərbaycan haqqında müfəssəl məlumat verən kitaba ön sözü ADU-nun rektoru, akademik Kamal Abdullayev yazıb: “Sözün əsl mənasında şimalla cənubun və şərqlə qərbin kəsişməsində yerləşən Azərbaycan, ənənəvi olaraq, bu ölkələrə səyahət edənlərə və burada qalmağa gələnlərə qonaqpərvərlik nümayiş etdirir. Onların mədəniyyətlərinə qucaq açaraq onlardan faydalanır. Bu isə Azərbaycanda multikulturalizm ənənəsinə bariz nümunədir. Əhalisi və ərazisi kiçik olmasına baxmayaraq, qarşılaşdığınız mehriban və alicənab insanlarımız, əsrarəngiz təbiətimiz və bir o qədər də zəngin olan mədəniyyətimiz haqqında hər hansı bir məlumat verməyə hər zaman hazırdırlar”.

Kitabda coğrafiya, tarix, siyasi quruluş, iqtisadiyyat, din, mədəniyyət və incəsənət, adət-ənənələr, həyat tərzi, idman və asudə vaxt adlı bölmələri yer alıb. 

Dünyanın ən böyük gölünün, Qafqaz sıra dağlarının, 9 iqlim qurşağının mövcud olduğu şəraitdə yerləşən Azərbaycanın coğrafiyası haqqında nəşr başlayıb. Daha sonra Odlar diyarının XX əsrin son 10 illiyindəki tarixi həqiqətlərini əks etdirir.

Müstəqillik əldə etdikdən sonra yürüdülən stabil siyasət ölkəmizin dövlət quruluşu və iqtisadiyyatına müsbət təsir göstərib. Neft və qaz sektorundakı nailiyyətlər ticarətin, turizmin, kənd təsərrüfatının inkişafına təkan verib. Bütün bu dəyişikliklər kitabın iqtisadiyyat bölməsində əksini tapıb.

Siyasət bölməsində isə azərbaycançılıq ideologiyasını əsas tutan və eyni zamanda multikulturalizmi bir dövlət siyasəti kimi miras qoyan ulu öndər Heydər Əliyevin və bu irsi layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici və daxili siyasəti əks olunub. Dövlət strategiyasının prioritet istiqamətlərindən biri olan xarici əlaqələrin möhkəmləndirilməsinə dair beynəlxalq təşkilatlar və qurumlarla görülən işlər də qeyd olunub.

Kitabda xalqımızın zəngin İslam mədəniyyəti və dini tolerantlığı, nəsildən-nəslə ötürülən əsrarəngiz mədəni irsi,dolğun və rəngarəng incəsənəti, həyat tərzi, idman və asudə vaxtı dəyərləndirməsi istiqamətində zəngin informasiya təqdim edilib.