Ev Turizm Xəbərləri XI sinif şagirdi: “Şahdağ” Turizm Mərkəzi dağlar qoynunda salınan çox gözəl məkandır

XI sinif şagirdi: “Şahdağ” Turizm Mərkəzi dağlar qoynunda salınan çox gözəl məkandır

Zallar Zalov

Azərbaycanın şimal rayonlarının görməli yerlərinə, muzeylərinə, tarixi abidələrinə ekskursiya edirik. “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan bu maarifləndirici tur-aksiya bizim yaddaşımızda silinməz izlər buraxdı. Qusarın Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi, zəngin memarlıq üslubuna malik Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıq hər bir şagirdin tanımalı olduğu yerlərdir. Ümid edirəm ki, şimal bölgəsinə yenidən gələcəyəm.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Zallar Zalov söyləyib.

Kəlbəcər rayon 55 saylı tam orta məktəbin 11-ci sinif şagirdi tur-aksiyanın bölgələrlə tanış olmaq üçün gözəl imkan yaratdığını bildirib. “Dağlıq ərazilər çox xoşuma gəldi. “Şahdağ” Turizm Mərkəzi dağlar qoynunda salınan çox gözəl məkandır. Kanat yollarında da gəzdik. Məlumat verildi ki, buradakı otellər yüksək səviyyəli xidməti ilə seçilir. Qar yağandan sonra da Şahdağda olmaq istəyirəm. Ekskursiya zamanı xeyli yeni dost qazandım”, – deyə Z.Zalov bildirib.