Ev Turizm Xəbərləri Yeni qazanc yolu açılıb: Hindistanlılar və iranlılar Azərbaycan toylarına milyonlar xərcləyəcək

Yeni qazanc yolu açılıb: Hindistanlılar və iranlılar Azərbaycan toylarına milyonlar xərcləyəcək

Hindistanlılar və iranlılar

“Youtube” video-portalında Bakıda və Türkiyədə lentə alınan “Action” filminin yaxın aylarda təqdim ediləcəyi bildirilib.

Filmin treyleri isə bir neçə gündür ki, yayımlanıb. Ekran işinin anonsunda İçərişəhər və Bakının digər ərazilərində çəkilən fantastik kadrlar diqqət çəkib.

Bu məsələ Azərbaycanda toy və film turizmin inkişafı ilə bağlı vəziyyəti gündəmə gətirib. Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə Cebhe.info-ya açıqlamasında xaricilərin toylarının Azərbaycanda keçirilməsi üçün xüsusi konsepsiya hazırlandığını deyib:

“Toy məsələsində artıq özəl şirkətlər xariciləri cəlb edirlər. Xüsusilə də Hindistan və İrandan olan toylar cəlb edilir. Hindistan toylarının Azərbaycanda keçirilməsi üzrə Azərbaycan Turizm Bürosunun konsepsiyası var. Hindistanda bu istiqamətdə təbliğat işləri aparılır. Çap və elektron materiallar hazırlanır. “Celebrate your wedding in Azerbaijan” broşürları hazırlanıb. Azərbaycanda artıq Hindistan toyları keçirilir. Düzdür, bu, hələ geniş yayılmayıb, başlanğıcdır. Lakin təbliğat işləri uğurlu olduqdan sonra biz düşünürük ki, bu seqment çox gəlirli bir sahəyə çevriləcək. Çünki hindistanlılar ildə xaricdə toy keçirmək üçün təxminən 50 milyard dollar pul xərcləyir və toylarının hardasa 40 faizindən çoxunu məhz xaricdə etməyi xoşlayırlar. Seçimlərini çox zaman yaxın ölkələrə etsələr də, amma böyük regionu götürdükdə populyar istiqamət Türkiyə istiqamətidir. Həmçinin Azərbaycana da maraq göstərirlər. Bizim apardığımız araşdırmalara görə, hindliləri ən çox cəlb edən 2-3 şey var. Birincisi, onlar bizim mətbəxi, yeməkləri, bizim mətbəxlə öz mətbəxlərinin sintezini yaratmağı xoşlayırlar. İkincisi, bəzi adət-ənənələr üst-üstədüşür, məsələn, xına onlarda da çox populyardır. Bundan başqa, Azərbaycanda toy keçirmək onlar üçün Avropadan daha əlverişlidir. Özləri həmişə qeyd edirlər ki, Azərbaycanda hindistanlılara qarşı xüsusi isti münasibət var. Yadda saxlamaq lazımdır ki, Azərbaycanda atəşpərəstlərin “Yanardağ”, “Atəşgah” kimi kult olan yerləri var. Bu da onları cəlb edir. Bu gün üçün əsas təbliğat istiqaməti Hindistandır. Əlbəttə ki, qonşumuz olan iranlıların toyları da var… O istiqamətdə də intensiv işlər görüləcək”.

Kənan Quluzadə həmçinin bildirib ki, Azərbaycanda xarici filmlərin çəkilməsi üçün müəyyən addımlar atılır, lakin bu addımlar hazırda ancaq müzakirə və ideya şəklindədir:

“Filmlərə gəldikdə isə Bakıda filmlərin çəkilişi başlayıb. Film sahəsi ilə bağlı da konsepsiya hazırlanır. Filmlərin çəkilişini Azərbaycana sistemli şəkildə cəlb edilməsi üçün tədbirlər görülür. Amma bu sahədə atılan addımlar müzakirə və ideya səviyyəsindədir. Çünki müxtəlif yanaşmalar var. Məsələn, filmləri cəlb edəndə qurumların sistemli şəkildə dəvət edilməsi, yerli aktyorların orada iştirakı məsələsi, müəyyən maliyyə güzəştlərinin edilməsi və s. müzakirə olunur. Bu gün biz Azərbaycan Turizm Bürosu və Dövlət Turizm Agentliyi olaraq bir çox filmlərin, xüsusilə də sənədli filmlərin çəkilişlərini dəstəkləyirik. Bədii filmlərin, serialların çəkilişinə gəldikdə isə bizim gündəmdə olan məsələmiz Koreya serialının Azərbaycanda çəkilişinə dəstək verilməsidir. Koreyalılar filmin hansı ölkədə çəkildiyini gördükdə onlar həmin ölkəyə səyahət etmək istəyirlər buna meyilli olurlar. Azərbaycanda elə bir film çəkilsə, koreyalılar üçün stimul olacaq”.