Ev Turizm Xəbərləri Ərəblər gəlməsin?

Ərəblər gəlməsin?

Ramin Musayev

Ramin Musayev yazır…

Bu günlərdə hamının paylaşdığı statusu gördüm. Əcnəbi turistə verilən 6500 manatlıq çekin şəkli, fəxrlə yazdıqları status və mediada məqalə diqqətimi cəlb elədi. Qarşı çıxanlar olsa da, əksəriyyət bunu alqışlayırdı. Yəni ərəb ölkəsindən olan turistə yüksək məbləğli hesabın təqdim edilməsinə sevinirlər.

Ərəblərin bu qədər pul xərcləməsinə və ümumilikdə iqtisadiyyatımıza xeyir vermələrinə sevinsələr, dərd yarıdır. Sevinirlər ki, ərəb (məhz ərəb) turistini aldaraq xeyli pul alıblar. Bu isə kədərləndirici haldır. Çünki aldadılan turist öz ölkəsinə qayıtdıqdan sonra bizim insanları dələduz kimi qələmə verəcək. Necə deyərlər, qurunun oduna yaş da yanır.

Tez-tez ərəb turistlər barədə narazılıqlar eşidirik, sosial şəbəkələrdə oxuyuruq. Ümumiyyətlə, turizm ölkəsinə çevrilməyimizə sevinməkdənsə, əksəriyyət Azərbaycana, xüsusilə Bakıya gələn turistlərdən narazılıq edir.

Azərbaycanda turizm sahəsi ildən-ilə inkişaf edir. Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunması, “Formula 1Azərbaycan Qran-Prisinin keçirilməsi, paytaxtımızda bir çox irimiqyaslı tədbirlərin təşkili, yeni aviareyslərin açılması və s. ölkəmizə marağı yüksəltdi. Bu maraq, ilk növbədə, Şərqdən, sonra isə MDB ölkələrindən oldu. Niyə də olmasın? Roma imperatoru Vespasian Tit demiş, pulun iyi olmur.

Azərbaycana səfər edən turistlər, əsasən, ərəb ölkələrindən və Pakistandandır. Əvvəlcə buna hamı sevinirdi, amma bu sevinc uzun sürmədi. Sonradan bu, əhali arasında narazılıqlara səbəb oldu. Bir neçə hadisə dillərdə əzbər oldu, şişirdildi və ərəb mənşəli turistlərə qarşı nifrət yaratdı.

Onu da qeyd etməliyəm ki, məhz bu turistlər avropalı və amerikalılardan daha çox pul xərcləyirlər. Bu da hamının gəlir əldə etməsinə imkan verir. Ən əsası, onlar tək Bakıya deyil, bölgələrimizə də səyahət edərək, yerli əhalinin də gəlir əldə etməsinə yol açırlar.

Əhalinin narazılığının səbəbi isə onları doğru məlumatlandırmayan bəzi bələdçilər, taksi sürücüləri və hotel işçilərindən qaynaqlanır. Bu da olan şeydir. Çünki bəziləri onları razı salmaq üçün yanlış hərəkət edirlər.

Bu problemləri kənara qoysaq, görərik ki, son illərdə turizm hesabına mağazalar, restoranlar, hotellərin sayı artır, nəqliyyat xidməti genişlənir və nəticə etibarilə bu sahədən gəlirlər artır.

Onların sayı azalsa, yaxşı olar?

Əldə etdiyim məlumata görə, ərəb ölkələrindən olan turistlərin sayı ötən illə müqayisədə, aşağı enib. Bunun müxtəlif səbəbləri ola bilər. Bu səbəblərdən biri də onların aldadılmasıdır. Çünki ölkəsinə qayıdan turist digərlərinə öz təəssüratlarını söyləyir. Bəzən isə bu, o qədər də pozitiv olmur.

İndi düşünün: yuxarıda göstərdiyim hallara sevinmək lazımdır, yoxsa onun qarşısının alınması? Axı bir günlük yüksək gəlir istəyi hər şeyi alt-üst edə bilər. Atalar demişkən, çox istəyən azdan da qalar.