Ev Turizm Xəbərləri Üçünçü Azərbaycan Turizm Forumu keçiriləcək

Üçünçü Azərbaycan Turizm Forumu keçiriləcək

Üçünçü Azərbaycan Turizm Forumu

Tourism Lab. şirkətinin təşkilatçılığı ilə artıq 3 ildir keçirilən Azərbaycan Turizm Forumu bu il də öz ənənəsinə sadiq qalaraq növbəti tədbirini təşkil edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Forum 18 Sentyabr tarixində Abşeron Otel Qrupunun dəstəyi ilə Bulvar Oteldə baş tutacaq.

Azərbaycan Turizm Forumu turizm istiqamətində 2016-cı ildən bəri müxtəlif layihələr və forumlar təşkil edir. Bütün bu tədbirlər milli turizmin ən yaxşı nümunələrini ortaya qoyur və bu, turizmin inkişafı, mövcud problemlərin həlləri üçün müxtəlif yolların axtarışına böyük təkan verir. Forum Azərbaycanda bu istiqamətdə yaradılmış ilk və yeganə platformadır. Burada nəinki turizm sənayesinin mütəxəssislərini, həmçinin fərqli sənayeni və turizmdə yeni biznes qurmaq istəyən hər kəsi görə bilərsiniz. Əlaqələr yaratmaq Forumun əsas istiqamətlərindən biridir. Forumun iştirakçıları əsasən otel və digər yerləşmə obyektlərinin əməkdaşları, Almaniya, Avstriya, İsveçrə tur operatorları, sığorta şirkətləri, turizm sahəsinə marağı olan digər şirkətlər, hava yolu şirkətləri, turizm informasiya mərkəzləri, ticarət mərkəzləri, restoran və digər keyterinq şirkətləridir.

Bu il keçiriləcək olan Azərbaycan Turizm Forumu yenilkiləri ilə iştirakçıların qarşısına çıxacaq. Tədbir 3 paneldən ibarət olacaq. 1-ci paneldə “Azərbaycanda Turizm Strategiyaları” mövzusunda sahənin tanınmış turizm mütəxəsisləri fikirlərini bölüşəcəklər. Forum iştirakçılarını maraqlandıran sualları birbaşa cavablandıracaqlar. 2-ci panel “Turizmdə İnnovasiyalar” olacaq. Bu sahənin tanınmış peşəkarları öz təcrübələrini forum iştiakçıları ilə bölüşəcək. 3-cü paneldə isə “Turizmdə blogerlik və fotoqrafiya” mövzusunda turizm blogerlərinin interaktiv çıxışları olacaq. Bundan əlavə tədbir günü kiçik miqyaslı turizm sərgisinin də keçirilməsi planlaşdırılır.