Beynəlxalq aeroport
2018-ci ilin əvvəlindən Heydər Əliyev Beynəlxalq Aeroportu 305 min sərnişinə xidmət göstərib.
Bu göstərici ötən ilin analoji göstəricisindən 19 faiz çoxdur.
Cari ilin yanvar ayı ərzində “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 129 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 37 min sərnişin düşüb ki, bu da ötən ilin göstəricisindən 15 faiz çoxdur.
Beynəlxlaq reyslər
264 min sərnişin (sərnişin dövriyyəsinin 86,5 faizi) beynəlxalq reyslərlə daşınıb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 46 istiqamət üzrə 25 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. Yanvar ayında 198 min sərnişin bu istiqamətlərə uçub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu dörd ulduza layiq görülüb.
2017-ci ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.