Ev Şəhərlər Dubay Dubay qonaqlara yeni əyləncələr təklif edir

Dubay qonaqlara yeni əyləncələr təklif edir

Dubay

2018-ci ilin son rübündə Dubayın görməli yerlərinin siyahısına yeni obyektlər əlavə olunub. Qətiyyətlə demək olar ki, hətta ən tələbkar səyahətçilər də bu obyektlərə laqeyd qalmayacaqlar.

Bluewaters adası

Dubayın xəritəsində, böyük coğrafi kəşflər dövründə olduğu kimi, təzə bir ada yaranıb. “Bluewaters Island” adlanan bu adadakı 200 mağaza və restoranlar, Ərəbistan körfəzinə açılan bənzərsiz mənzərələr əsl moda rayonu təşkil edir. 2019-cu ilin əsas yeniliklərindən olan “Ain Dubai” adlı, dünyada ən böyük müşahidə çarxı da bu adada yaradılıb.

Dubay

Dubay Marina akvatoriyasında yerləşən bu ada yaşayış, ticarət, istirahət və əyləncələr zonalarına, habelə otellərə və çimərlik klublarına bölünüb. Bütün bu zonaların mərkəzində ucalan müşahidə çarxının hündürlüyü 210 metrdir. Hündürlüyünə görə rekordçu sayılan bu debütantın fonunda əvvəlki triumfator – Las-Veqasda yerləşən “High Roller” müşahidə çarxı (hündürlüyü 167 metr) çox yaraşıqsız görünür.

Al Seef əyləncə kompleksi

Dubay-Krik sahilində yerləşən, insana ruhi dinclik gətirən Al Seef kompleksi köhnə Dubaydakı ənənəvi ərəb evlərinə və bazarlara oxşar üslubda tikilib. İlk baxışdan insanı heyran edən bu kompleksdə 500-ə yaxın mağaza və dünyanın praktiki olaraq bütün məşhur mətbəxlərinin təamları təklif edilən restoranlar var. Qonaqlar burada asudə vaxtlarını mədəni şəkildə keçirə bilərlər. Məsələn, arzu edənlər İllüziyalar Muzeyinə gedə bilərlər. Bu muzeyin eksponatları gerçək aləmin insan beyni tərəfindən qavranılması ilə bağlı məzəli təsəvvürlərə, optik illüziyalara və digər zehni oyunlara həsr edilib.

Dubay

Dubayın tarixi hissəsində ayaq saxlamaq istəyənlər populyar “Jumeirah” mehmanxana brendinin ən yeni layihəsi olan autentik “Al Seef Hotel by Jumeirah” otelində qala bilərlər. Bu otelin üslubu və ab-havası müsafirləri sanki şəhərin tarixi keçmişinə qaytarır.

Hattada yeni layihələr

Həcər massivinin mərkəzində yerləşən Hatta dağlıq eksklavının sakit və cəlbedici mənzərələri səyahətçiləri çox cəlb edir. Macəra və vəhşi təbiət həvəskarları üçün cəlbedici “Hatta Wadi Hub” buraya gələnlərə dağ velosipedi, kartinq, kamandan oxatma, kanatla dırmaşma, piyada turizm, baydarka sürmək, habelə “insan sapandı” və ziplayn kimi müxtəlif ekstremal idman və istirahət növlərini sınamaq imkanı verir. Əyləncələr mərkəzi sizi həm də “Hatta Drop”a – Asiyada birinci suyatullanma parkına dəvət edəcək. Yaşlılar və uşaqlar Hattada zorbinq (şəffaf şarla enmə) əyləncəsində özlərini sınaya bilərlər. “Hatta Damani Lodges” və “Hatta Sedr Trailers” kurortlarında mənzərəli dağlıq ərazidə təkcə istirahət etmək arzusunda olan səyahətçilərə ekoturizm üçün çox yaxşı imkanlar təklif edilir. “Hatta Damani Lodges” kurortunda qonaqlar idillik dağ mənzərələri fonunda yerləşən kotteclərin üç tipindən birini seçə bilərlər. Hattanın zəngin və rəngarəng ekosistemi sayəsində həmin kotteclərdən müxtəlif marşrutlar üzrə piyada və ya velosipedlə gəzintiyə çıxmaq olar.

Dubay

Yeri gəlmişkən, “Hatta Sedr Trailers” – treylerlərdən düzəldilmiş terraslı rahat nömrələri olan otelin ilk konsepsiyasıdır. Gecələmək üçün “Hatta Campsite” adlı xüsusi kempinqdə qala bilərsiniz. Burada çadır qurmaq və təbiətin qoynunda həyatın ləzzətini duymaq mümkündür. Hattanın heyrətamiz dünyasını tam hiss etmək üçün “Hatta Caravan Park” parkında da yer tuta bilərsiniz.

Palma Cumeyra adasında “The Pointe” kompleksi

Dubay

Ən yeni layihə olan “The Pointe” adlı ticarət, restoran və əyləncə kompleksi “Atlantis, The Palm” otelinin düz qarşısındakı daxili buxtanın sahilində yerləşir. Ərazisinin sahəsi 140 min kvadratmetrdən çox olan bu kompleksdə qonaqları çox maraqlı fəvvarələr şousu, canlı promenad, 80-dən çox restoran və mağaza gözləyir.