PAYLAŞ
Naftalan

Rusiya Federasiyasının “REN TV” kanalının nümayəndələri Naftalan şəhərində çəkiliş aparıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırlanan reportajda Naftalan şəhərinin turizm potensialından bəhs olunacaq.

Naftalanda fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzlərində çəkiliş aparan televiziya əməkdaşları otellərin fəaliyyəti və burada Naftalan nefti ilə müalicə prosedurları barədə ətraflı məlumat alıblar.

Qonaqlara bildirilib ki, dünyada kurort şəhəri kimi tanınan Naftalanın inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təkcə Azərbaycanda mövcud olan Naftalan nefti bir çox xəstəliklərin dərmanıdır.

Məlumat verilib ki, qeyri-neft sektorunun əsas sahələrindən olan turizmin, xüsusən də müalicə turizminin inkişafı istiqamətində son illərdə böyük nailiyyətlər əldə edən və Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən Naftalana həm müalicə, həm də istirahət üçün gələn turistlərin sayı ilbəil artır. 2019-cu ilin 10 ayı ərzində Naftalana gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə 2-3 dəfə artaraq 35 min nəfərə çatıb. Onlardan da 10453 nəfəri xarici ölkələrdən gələnlərdir.

Daha sonra “REN TV” kanalının nümayəndələri Naftalanda yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin nəzdində fəaliyyət göstərən “Əsa muzeyi”nə baş çəkiblər.

Məlumat verilib ki, burada aparılan intensiv müalicələrlə sağlamlıqlarına qovuşan insanlar Naftalandan gedəndə vaxtilə yeriyə bilmədikləri üçün özləri ilə gətirdikləri əsaları, çəlikləri yadigar olaraq burada qoyublar. Vətənlərinə döndükdən sonra isə bu şəhərə olan sevgilərini, ən gözəl hisslərini Naftalana ünvanladıqları təşəkkür məktublarında qeyd ediblər. Beləcə, illərlə yığılan çoxsaylı qoltuq ağacları, fotoşəkillər və təşəkkür ifadələri ilə dolu məktublar bu unikal muzeyin yaranmasına səbəb olub.