Qlobal Turizm

BMT-nin Beynəlxalq Turizm Təşkilatı (UNWTO) 2020-ci ilin yanvar-may aylarında qlobal turizm sektorunun 320 milyard dollar zərərə uğradığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, təşkilatın son hesabatında COVID-19 pandemiyası səbəbindən yaranan bu itkinin 2008-ci ilin qlobal iqtisadi böhranından üç dəfə çox olduğu bildirilib.

Hesabatda qeyd olunub ki, cari ilin 5 ayında qlobal miqyasda turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 300 milyon nəfər, yaxud 98 faiz az olub. Təşkilat əlavə edib ki, iyun-iyul aylarında da bu tendensiya davam edib və yaxın günlərdə daha bir hesabat açıqlanacaq.

UNWTO-nun baş katibi Zurab Pololikaşvilinin sözlərinə görə, bir çox ölkədə ümumi daxili məhsulun mühüm hissəsi olan turizm sektorunun tezliklə açılacaq. Müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi çox mühümdür. O deyib ki, beynəlxalq turizmin dramatik vəziyyəti milyonlarla insanın gəlir mənbəyinin kəsilməsi ilə nəticələnib. “İndi hökumətlərin qarşısında iki mühüm vəzifə – ictimai səhiyyənin prioritet sahəyə çevrilməsi və turizm sənayesinin bərpası durur”, -deyə baş katib vurğulayıb. Əlavə edib ki, bu sahədə ölkələr arasında əməkdaşlıq və turistlərin etimadını bərpa edilməsi əsas amillərdir.

Bununla yanaşı, ekspertlər qlobal turizmin tam şəkildə bərpasının yalnız 2021-ci ilin ikinci yarısında mümkün olacağını bildirirlər. Onlar hesab edirlər ki, pandemiya ilə əlaqədar risklərin davam etdiyi, səyahət məhdudiyyətləri və sərhədlərin bağlı olduğu bir şəraitdə nikbinlik üçün əsas yoxdur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin