Təbiətin nadir incisi olan  və Azərbaycana əsasən qışlamağa gələn flaminqonu görmək istəyən bütün təbiətsevərləri Qızılağac Milli Parkına dəvət edirik. Hazırda Qızılğac Milli Parkında 3000-4000 flaminqo qışlayır.

Köçəri və  nadir növ olan flaminqo Afrikadan başlayaraq, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərinə qədər yayılıb.  Azərbaycanda  Lənkəran, Kür-Araz, Samur-Dəvəçi  ovalıqlarının su hövzələrində, Böyük Qızılağac körfəzində, Xəzərin sahil sularında, Naxçıvanda isə Araz çayı sahillərində yayılıb.

Ən stabil qışlama yerləri  Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanıŞirvan qoruğu,  Ağgöl,  Sarısu  və  Kür-Araz düzənliyinin iri gölləridir.

Flaminqo koloniya halında yaşayır və yuvasını bitki, heyvan qalıqlarından, yaş  torpaqdan qurur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, flaminqo Azərbaycanda nadir hallarda yuvalayır. 1955-ci ildə Salyan rayonunda  Ağçala gölündə, 1982-ci ildə isə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilib.

Hər il Azərbaycana qışlamaq üçün orta hesabla 16000-18000-ə yaxın flaminqo gəlir. Flaminqo növünün qorunub saxlanması məqsədilə Qızılağac, Şirvan, Abşeron Ağgöl Milli Parkları və su-bataqlıq ərazilərində yasaqlıqlar təşkil edilib. Flaminqo Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib və ovlanması qadağandır.

Bildiririk ki, Qızılağac Milli Parkı Xəzər dənizinin cənub-qərb sahilində Bakı şəhərindən 180 km məsafədə, Lənkəran şəhər, Masallı Neftçala rayonlarının inzibati ərazisində yerləşir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin