Ev Turizm Xəbərləri “Land of Fire” komandası İsveçrədə qar polosu üzrə dünya kuboku turnirində iştirak...

“Land of Fire” komandası İsveçrədə qar polosu üzrə dünya kuboku turnirində iştirak edəcək

Land of Fire

Yanvarın 24-26-da İsveçrənin Sankt Moritz şəhərində ənənəvi qar polosu üzrə dünya kuboku turniri keçiriləcək.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) AZƏRTAC-a bildiriblər ki, 36-cı dəfə təşkil olunacaq turnirdə dünyanın ən güclü polo komandaları mübarizə aparacaqlar. Heydər Əliyev Fondunun xüsusi dəstəyi, ARAF-ın təşkilatçılığı ilə turnirdə ölkəmizi hər il olduğu kimi bu il də “Land of Fire” komandası təmsil edəcək.

İsveçrənin ən məşhur qış kurortlarından olan Sankt Moritz şəhərində ənənəvi keçirilən dünya kuboku turniri mədəniyyətimizin, qədim tariximizin, müasir inkişafımızın və milli atçılıq ənənələrimizin təbliği, ölkəmizin turizm potensialının tanıdılması üçün də gözəl imkandır.

Xatırladaq ki, 2015-ci ildə arena polo üzrə birinci Avropa çempionatı, və 2013-cü, 2014-cü və 2016-cı illərdə arena polo üzrə dünya kuboku turnirləri Bakıda keçirilib. Azərbaycan milli komandası Avropa çempionatında qızıl medala layiq görülüb. Bundan əlavə, 2018-ci ildə İtaliyanın Siena şəhərində keçirilmiş polo üzrə Avropa çempionatında finala yüksələn Azərbaycan milli komandası ikinci yeri tutub. Eyni zamanda, 2020-ci ildə Beynəlxalq Polo Federasiyası tərəfindən keçiriləcək növbəti Avropa çempionatı Bakıda təşkil olunacaq.

Ötən il qar polosu üzrə dünya kuboku turnirində üç oyundan ikisində “Land of Fire” komandası qalib gəlib. Builki yarışda qalibi olmaq üçün mübarizə aparmaq əzmindədir. Üç gün davam edəcək turnirdə “Land of Fire” komandası ilə yanaşı, “Mazerati”, “Badrutt’s Palace Hotel” və “Grisogono” komandaları da mübarizə aparacaqlar.

Turnirdən əvvəl – yanvarın 23-də ilkin olaraq komandalar test oyunu keçirəcəklər. Sonra isə komandaların, poloçuların və sponsorların təqdimatı olacaq. Turnirin yanvarın 24-də Bakı vaxtı ilə saat 15:00-da başlayacaq birinci oyununda təmsilçimiz “Land of Fire” və “Badrutt’s Palace Hotel” komandaları qarşılaşacaqlar. Günün ikinci oyununda “Grisogono” və “Mazerati” komandaları üz-üzə gələcəklər. Yanvarın 25-də komandamızın “Grisogono” komandası ilə görüşü nəzərdə tutulub. Turnirin sonuncu günündə üçüncü yer uğrunda görüş və final matçı keçiriləcək. Final oyunundan sonra qaliblərin mükafatlandırılması mərasimi təşkil olunacaq.