Macarıstan

Bu yaxınlarda Macarıstan hökuməti hər il Formula 1 Qran-pri yarışları keçirilən “Hunqarorinq” avtodromuna aparan M3 trasında Modyorod şəhəri yaxınlığında yeni yol ötürücüsünün açılmasını elan edib.

Həmin məlumat yayılandan sonra Macarıstanın bir sıra nəşrləri, o cümlədən “Népszava” qəzeti turizmin inkişafına həddən artıq pul xərcləndiyinə görə hökuməti tənqid edib. Bu zaman ilk növbədə həmin yol ötürücüsü nəzərdə tutulur.

Sözügedən nəqliyyat qovşağının təntənəli açılış mərasimində İnnovasiyalar və texnologiyalar naziri Laslo Palkoviç çıxış edib. O bildirib ki, bu yol ötürücüsünün tikintisi 5 milyard forintə (17 milyon avro) başa gəlib. Qəzet bu nəqliyyat qovşağının tikintisini, həmçinin bütövlükdə Macarıstan hökumətinin büdcə siyasətinin priorotetlərini tənqid edərək göstərib ki, nəqliyyat infrastrukturunun inkişafına sərf edilən xərclər mədəniyyət və təhsil sahələri üçün planlaşdırılan xərclərdən çoxdur.

Népszava” qəzeti yazır ki, bu layihənin həyata keçirilməsi yalnız yükdaşımaların inkişafında marağı olan avtomobilçi və sənayeçilərin xeyrinə olacaq. Nəşr öz mövqeyini bununla əsaslandırır ki, Macarıstan Aİ ölkələri arasında şəxsi avtomobil nəqliyyatının sayına görə ən aşağı göstəricilərdən biri qeydə alınıb. Bu ölkədə hər min sakinə 355 avtomobil düşür. Həmin göstərici yalnız Rumıniyada bundan aşağıdır. Hər min sakinə 261 avtomobil düşür. Birinci yerdə isə, Lüksemburqdur.

Qəzetdə daha sonra qeyd edilir ki, avtomobilləri olmayan vətəndaşlar bəzən dəmir yol stansiyalarında 3-4 saat gözləməli olur. Çünki qatarların hərəkət cədvəlinə əməl edilmir. Digər tərəfdən, dəmir yollarının inkişafına ayrılan 1,8 trilyon forint heç də az deyil. Müqayisə üçün bildirilir ki, Macarıstanın 2020-ci il üçün büdcəsində səhiyyə üçün 1,968 trilyon, təhsil üçün 2,09 trilyon, mədəniyyət üçün isə cəmi 0,584 trilyon forint nəzərdə tutulub. Qəzet yazır: “Büdcədə təhsil və səhiyyə sahələrinə ögey münasibət bəslənilir. Orban hökumətinin başqa prioritetləri var: ölkə hökuməti sənayeni və turizmi inkişaf etdirməkdə maraqlıdır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin