Ev Turizm Xəbərləri Natia Turnava: Regionda sülhün bərqərar olması Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir

Natia Turnava: Regionda sülhün bərqərar olması Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir

Natia Turnava

Biz regionda baş verən hadisələri, xüsusən də ABŞ ilə İran arasındakı son vəziyyəti analiz edir, Gürcüstan üçün mümkün təhlükələri nəzərdən keçiririk. Regionda sülhün bərqərar olması Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava söyləyib.

Nazirin sözlərinə görə, regionda baş verən hadisələr həm təhlükəsizliyə, həm də iqtisadi inkişafa ciddi təhdiddir. Gürcüstan hökuməti bütün prosesləri diqqətlə izləyir və ümid edir ki, beynəlxalq birlik ABŞ ilə İran arasındakı gərginliyin sülh yolu ilə həlli üçün çıxış yolu tapacaqdır.

“ABŞ ilə İran arasındakı münaqişə hələlik Gürcüstan iqtisadiyyatına elə də güclü təsir göstərməyib”, – deyə N.Turnava vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın İran və İraq ilə ticarət əlaqələri var və bu ölkələrdən Tbilisiyə hər il yüzlərlə turist gəlir.

Məlumat üçün bildirək ki, Gürcüstan ilə İran arasında diplomatik münasibətlər 1992-ci il mayın 15-də qurulub.

Həmin ildən iki ölkə arasında, siyasi, iqtisadi, ticari, kənd təsərrüfatı, mədəniyyət, qarşılıqlı sərmayə qoyuluşu, turizm, təhsil sahələrində əlaqələr inkişaf edir.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2018-ci ildə Gürcüstan ilə İran arasında ticarət dövriyyəsi 38,7 faiz artaraq 251,9 milyon dollar təşkil edib.

Milli Turizm Administrasiyasının məlumatına görə, 2018-ci ildə İrandan Gürcüstana 291 min 100 nəfər, 2019-cu ilin 11 ayında isə 132 min 800 turist gəlib.

Gürcüstan ilə İraq arasında diplomatik münasibətlər isə 2007-ci il sentyabrın 18-də yaranıb.

İki ölkə arasında da əlaqələr ikitərəfli və çoxtərəfli müstəvidə inkişaf edir.

2018-ci ildə İraqdan Gürcüstana 2100 nəfər, 2019-cu ilin 11 ayında isə 1600 nəfər turist gəlib.