Ev Turizm Xəbərləri “Tütək səsi” filminin çəkildiyi Şahdağın ətəyindəki Xuray kəndindən

“Tütək səsi” filminin çəkildiyi Şahdağın ətəyindəki Xuray kəndindən

Xuray kəndi

Üstündən 45 il ötsə də, Qusarın Xuray kəndinin sakinləri “Tütək səsi” filminin çəkilişlərini indiki kimi xatırlayırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, milli kino incilərimizdən sayılan bu filmin əsas səhnələrinin çəkildiyi Xuray kəndi rayon mərkəzindən 16 kilometr məsafədə, Şahdağın ətəyində, Qusarçayın sahilində yerləşir. “Şahdağ” Turizm Mərkəzinə yolu düşənlər füsunkar təbiətə malik bu qədim kəndin yanından ötüb keçir.

Kütləvi səhnələrdə 500 nəfərə yaxın kənd sakini iştirak edib

1975-ci ildə lentə alınan “Tütək səsi” filminin səhnələri Xurayla yanaşı Əniğ, Urva və digər ətraf kəndlərdə də çəkilib. Kütləvi səhnələrdə bu kəndlərin 500 nəfərə yaxın sakini iştirak edib.

Xuray kəndində filmin çəkilişləri aparılan evlərin bəziləri, XVIII əsrə aid məscid binası (həmin vaxt klub kimi fəaliyyət göstərib), Qusarçay üzərindəki asma körpü bu günədək qalmaqdadır.

Filmin ssenarisi mərhum yazıçı İsa Hüseynovun “Tütək səsi” və “Saz” povestləri əsasında yazılıb. Hadisələr İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda, mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi hiss olunur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işləri görürlər. Müharibə fonunda cərəyan edən hadisələr dövrün ağrı-acısını əks etdirir.

Filmin ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissoru Rasim Ocaqov, quruluşçu operatoru Teyyub Axundov, quruluşçu rəssamı Elbəy Rzaquliyev, bəstəkarı isə Aqşin Əlizadə olub. Baş rollarda Akif Məhərrəmov, Ötkəm İsgəndərov, Mixail Volontir, Yusif Vəliyev, Məmmədrza Şeyxzamanov, Sadıq Hüseynov, Səfurə İbrahimova və başqaları çəkilib.

Məmmədrza Şeyxzamanovu xatırladan asma körpü

Hazırda Xuray kəndinin Mədəniyyət evinin direktoru vəzifəsində çalışan Yüzbəy İsmayılov həmin vaxt 10 yaşında olub. Y. İsmayılov çəkiliş prosesini həvəslə izlədiyini, “Tütək səsi” filminə baxarkən yenidən həmin günləri xatırladığını bildirir. “Yaxşı yadımdadır, filmin çəkilişləri yay aylarında aparılırdı. Kəndimizin kənarındakı düşərgədə avtobuslar, kino avadanlıqlarını daşıyan avtomobillər dayanmışdı. Filmdəki Milli obrazında oynayan qızın “qara məktub”ları İsfəndiyar babadan gizlətdiyi səhnə bizim evdə çəkilib. İsfəndiyar kişinin saz çaldığı səhnə isə qonşumuzun həyətində lentə alınıb. Evlər yerində qalsa da, indi təmir olunub və müasir görkəmə salınıb. O vaxt kəndimizdə cəmi 120 ev olub. İndi isə evlərin sayı 3-4 dəfə çoxalıb. Çubuqdan, ağaclardan olan hasarların əksəriyyəti indi mişar daşı ilə hörülüb. O filmə baxanda həmişə kəndimizin 45 il əvvəlki görkəmini xatırlayırıq. Bəzi səhnələrdə kənd sakinlərimiz də düşüb. Onların çoxu artıq dünyasını dəyişib”, – deyə Yüzbəy İsmayılov söyləyib.

Filmdə İsfəndiyar kişinin qaçaraq üzərindən keçdiyi Qusarçay üzərindəki asma körpü artıq istifadə olunmur. İndi sakinlər 2007-ci ildə salınan yeni körpüdən istifadə edirlər. Köhnə asma körpü isə “Tütək səsi” filminin xatirəsi kimi qalmaqdadır.

Xuray sakinlərinin Cəbrayıldan niyə xoşu gəlmirdi?

Cümrünün damın başında tütək çalması səhnəsi çəkilən ev isə artıq sökülüb. Çəkiliş apardığımız zaman həmin evin yerində uşaqlar qartopu oynayırdı. Kənd sakinləri deyirlər ki, həmin ev yerində olmasa da, 45 il əvvəl səslənən tütəyin səsi indi də qulağımızdadır.

Doxsan yaşlı Xuray kənd sakini Mütəllim Mütəllimov bildirir ki, çəkilişləri izləyən yerli əhali Cəbrayıla (rolda aktyor Mixail Volontir çəkilib) bərk əsəbləşmişdi. Onlar həmin aktyorun doğrudan da əsgər ailəsinə sataşdığını düşünürdü. “Mən filmin çəkilişlərində şəxsən iştirak etmişəm. Əvvəlcə filmin rejissoru Rasim Ocaqov və bir neçə nəfər kəndimizə gəldi. Evlərə, məhəllələrə baxdılar. Bir ay sonra eşitdik ki, kəndə film çəkənlər gəlib. Mən onların düşərgəsində gözətçilik edirdim. Aktyorlar çəkilişdən sonra rayon mərkəzindəki mehmanxanaya gedirdi. Rayon mərkəzindən yemək üçün ərzaqların gətirilməsi də mənə həvalə olunmuşdu. Filmdə bir kadrda araba sürdüyüm yerdə məni də çəkiblər. Kütləvi səhnələrdə çəkilən kənd sakinlərinə gündəlik pul ödənilirdi. Qol çəkib pulu götürürdük. Çox maraqlı idi. Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev və başqa tanınmış aktyorlarla ünsiyyətdə olurduq”, – deyə Mütəllim Mütəllimov o günləri xatırlayır.

Qılınc Qurban, Cəbrayıl və İsfəndiyar kişinin əyləşdiyi həmin səhnə

Kinoda iclasların keçirildiyi səhnələr həmin vaxt klub kimi fəaliyyət göstərən kənd məscidinə bitişik tikilidə çəkilib. Filmin lentə alındığı zaman XVIII əsrə aid məscid anbar kimi istifadə olunurdu. Sonralar klubu sökülsə də, məscidə bitişik səhnə hissəsi bu günədək qalmaqdadır. Filmin həmin səhnədə çəkilən epizodunda Qılınc Qurban, Cəbrayıl və İsfəndiyar kişi tarladan toplanan taxılın cəbhə üçün göndərilməsini camaatla müzakirə edirdi. Bundan başqa, filmdə cəbhəyə yardım toplanması ilə bağlı daha bir səhnə də həmin yerdə çəkilib.

Film çəkilişlərini izləyən kənd sakini Mirzəbəy Eyvazov da həmin günlərdən döyük həvəslə danışır. “Bütün kənd filmin çəkilişinə səfərbər olmuşdu. Hamı kömək etməyə çalışırdı. Bizim kəndlə qonşu Əniğdə də çəkilişlər aparılırdı. Yadımdadır, öküzlərlə taxıl biçini səhnəsi isə Urva kəndində çəkildi. Biz çox şadıq ki, Xuray “Tütək səsi” filminin çəkildiyi kənd kimi tanınır. Qonaqlarımıza bu barədə fəxrlə danışırıq”, – deyə M.Eyvazov bildirib.

“Tütək səsi” filmi televiziya tamaşaçılarına 1976-cı ildə təqdim olunub və böyük maraqla qarşılanıb. Elə həmin ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən IX Ümumittifaq kinofestivalında ən yaxşı film kimi mükafat alıb.