Ev Blog Səhifə 15

“Biletlərin və turların bərpası 2020-ci ilin sonu, 2021-ci ilin əvvəli mümkün olacaq” – Müsahibə

0
Telman Məmmədov

Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, ölkənin imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Azərbaycanda da turizm sahəsi inkişaf mərhələsindədir. Azərbaycan turizm üzrə rəqabətqabiliyyətlilik siyahısında 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Lakin COVİD-19 pandemiyası bütün sahələrə olduğu kimi, turizm sahəsinə də təsirsiz ötüşməyib. Turizmin sarsılması onunla bağlı olan digər sahələrə də öz mənfi təsirini göstərib. Belə ki, artıq turistlərin səyahət etməməsi səbəbindən aviaşirkətlər də sıradan çıxma təhlükəsi ilə üz-üzə qalıb.

Gezmeli.az Correct.az-a istinadən  Azərbaycanda turizmin mövcud vəziyyəti ilə bağlı “Go Travel” turizm şirkətinin rəhbəri Telman Məmmədovla müsahibəni təqdim edir. O, öz müsahibəsində sözügedən sahə ilə bağlı çox vacib məqamlara aydınlıq gətirib. Müsahibəni oxucularımıza təqdim edirik:

Cari ilə nisbətən turist sayında təxmini neçə faiz azalma müşahidə etdiniz?

-Keçən ilə nisbətən azalma hədsiz dərəcədədir. Hal-hazırda turistlərin gəlişi ilə bağlı müəyyən məhdudiyyətlər qoyulub. Gələnlər isə əksəriyyəti Azərbaycan vətəndaşları olub. Onların içərisində Rusiyada yaşayan və Rusiya vətəndaşlığı alan şəxslər də olub.

Faiz nisbəti ilə ifadə etsək turist sayında təxminən 90 faiz azalma müşahidə edilib. Dövlətin ayırdığı maliyyə bir sahibkar kimi sizi etdimi?

-Vergilərdə müəyyən problemlərimiz olduğu üçün sadəcə bir ay bu yardımı ala bildik.

Bu yardım da işçilərimizin hesabına köçürüldü. Ləğv edilmiş turlar və biletlər necə bərpa ediləcək?

-Biz turistlərimizlə bilet və ya tur satışı zamanı müqavilə bağlayırıq. Hərşey müqavilə əsasında aparılır. Biletlərin və turların bərpası 2020-ci ilin sonu və ya 2021-ci ilin əvvəlində mümkün olacaq. Heç bir komissiya olmadan, turistlərin istəyinə uyğun dəyişdiriləcək. Hal-hazırda ödənişlər şirkətlərdə depozit kimi saxlanılır.

Pandemiya dövründə turistlərin suallarının cavablandırılması hansı qaydada tənzimləndi? Bu turistləri qane etdimi?

-Bu proses yalnız onlayn şəkildə tənzimləndi. Sözsüz ki, bütün müştərilər eyni anlayışı göstərmədi. Bir sıra problemlərlə qarşılaşdıq. Biz səbrlə danışıqlar apararaq onlara vəziyyəti izah etməyə çalışdıq, çünki bu nə turistin, nə də ki aviaşirkətin yaratdığı bir problem deyil. Bu qlobal bir problemdir. Pandemiya dövründə bir çox şirkətlər maddi tənəzzülə uğraması, telefonlara cavab verməməsi digər şirkətlərə də bir sıra problemlər yaratdı. Bu da müştərilərlə vəziyyəti daha da gərginləşdirdi. Bu səbəbdən də müştəri mütləq şəkildə tur aldığı aviaşirkəti öncədən araşdırmalıdır.

Pandemiya davam etdiyi müddətdə dövlətdən gözləntiləriniz nələrdir və yaxud hansı tədbirlərin görülməsini istəyərdiniz?

-Dövlətdən zərər çəkmiş sahibkarlara maddi və mənəvi cəhətdən dəstəyin olunmasını istəyərdim. Hansı ki, həqiqətən araşdırılsın və həqiqətən zərərçəkmiş şirkətlər müəyyənləşdirilərək dəstək göstərilsin. Düşünürəm ki, hər bir turizm şirkəti üçün lisenziya tətbiq olunmalıdır. Lisenziya tətbiq olunan şirkətlərin sahibkları ilə görüşlər keçirilməlidir. Bu vəziyyətin yaxşı mənada daha tez dəyişməsinə köməklik göstərəcək.

Yeni turizm növlərinin tətbiqi bu sahənin inkişafına müəyyən töhfələr verə bilər

0
turizm
Postpandemiya dövründə insanlar səyahətlərə tərəddüdlə yanaşacaq, təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirəcəklər
“Biz postpandemiya dövründə rəqabətə daha da hazır olmaq üçün rəqəmsallaşma istiqamətində yeni turizm məhsullarının yaradılmasını istəyirik”. Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, artıq sentyabrın 8-dən gəlmə turizmlə məşğul olan turizm şirkətləri Azərbaycan və onun turizm imkanları haqqında məlumatların onlayn rejimdə rəqəmsal platformalarda yerləşdirilməsini təmin edən layihələrini Dövlət Turizm Agentliyinə təqdim edə bilərlər.
Agentlik rəsmisi bildirib ki, postpandemiya dövründə Azərbaycan turizminin rəqabət qabiliyyətinin artırılması əsas məqsədlərdəndir: “Bu layihələr postpandemiya dövrü üçün nəzərdə tutulacaq. Postpandemiya dövründə fərqli turizm şəraiti olacaq. İnsanların həm psixoloji durumu fərqlənəcək, həm onların səyahətlərdən çəkinməsi halları olacaq, həm də təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirəcəklər. Turizmi inkişaf etdirən ölkələr bu sahəni daha da gücləndirəcəklər. Biz bu rəqabətə daha da hazır olmaq üçün rəqəmsallaşdırma istiqamətində yeni turizm məhsullarının yaradılmasını istəyirik. Gəlmə turizmlə məşğul olan turizm şirkətlərinin bizə təqdim edəcəkləri layihələr hesabına turizmdə rəqabət qabiliyyətini artırmağı nəzərdə tuturuq”.
Bəs postpandemiya dövründə rəqabətə hazır olmaq üçün hansı addımlar atılmalıdır? Yeni turizm məhsulları deyərkən nə nəzərdə tutulur?

Qatar, çadır turizmi…

Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov bizimlə söhbətində bildirdi ki, yeni turizm məhsulları dedikdə, biz bu vaxta qədər öyrəşdiyimiz turizm məhsullarından fərqli üsulları nəzərdə tuturuq. Ekspertin sözlərinə görə, yeni dövr turizmi daha çox onlayn sistemlərdə müşahidə edilir: “Bu məhsullar əsasən onlayn platformalar üzərindən satışlar həyata keçirən müxtəlif layihələrdən ibarət olmalıdır. Buna görə də həm turizm şirkətləri, həm oteller, həm də turizm məhsulları hazırlayan qurumlar əsasən onlayn platformalara yönəlir və onlayn sistemləri daha çox araşdırıb öz işlərinə inteqrasiya etməyə çalışırlar. İlk növbədə biz yeni məhsullar dedikdə, bunu nəzərdə tuturuq”.
Həmsöhbətimiz vurğuladı ki, Azərbaycanda turizm potensialı yüksəkdir və buna görə də xüsusilə, postpandemiya dövründə ölkəmizdə yeni fərqli turizm marşrutları, yeni turizm növlərinin araşdırılması və tapılmasından söhbət gedir: “Yeni turizm növləri dedikdə, ölkəmizdə hazırda fəaliyyət göstərməyən və tətbiq olunmayan turizm növlərini nəzərdə tuturuq. Bunlardan qatar turizmini, çadır turizmini misal gətirə bilərik. Hansı ki, indiki vaxtda ən çox sərfəli olan turizm növlərindən biridir. Belə ki, infrastruktura ehtiyac olmadan, özünə infrastruktur yaradaraq, istirahəti yüksək səviyyədə təmin etmək olar. Qatar turizmi dedikdə isə, Azərbaycanda qatar vasitəsilə turizm əvvəllər mövcud idi. Qatar həm çox sayda turist daşıya bildiyindən, həm də turistlərə müxtəlif yerlərə ekskursiya imkanı verdiyindən onu ölkəmizdə inkişaf etdirmək sərfəlidir. Yeni turizm növlərinin tətbiqi və yeni növ məhsullar gələcək üçün artıq turizmin inkişafına daha böyük töhfələr verə biləcək”.

Ucuz və əyləncəli istirahət

Ucuz və əyləncəli istirahət hər kəsin arzusudur. Bu, çadır turizmi sayəsində mümkündür. Turizmin bu növü həm iqtisadi baxımdan sərfəlidir, həm də istədiyiniz yerdə istirahət etmək hüququ verir. Turizm eksperti Müzəffər Ağakərimov deyir ki, Azərbaycanda sovet dövründə çadır turizmi mövcud idi: “Çadır turizminin inkişafı daxili turizmin də inkişafını şərtləndirən addımlardandır. Bu, ümumi turizmin inkişafı baxımından müsbət haldır. Bundan başqa, bəzi insanlar istirahətini dörd divar arasında keçirmək istəmir. Çadır turizmi iki cür – kütləvi və fərdi formada ola bilər. Kütləvi olması üçün bir ərazidə müasir imkanları olan çadırlar qurulur. Onun ətrafında biotualetlər qurulur, sanitar-gigiyenik normalara əməl edilməsi, təmizliyin təmin edilməsi üçün imkan yaradılır. Digər üsul isə əvvəl olduğu kimi, bir ailənin özünün təşkil etdiyi çadırda qalmasıdır. Tələbələr, gənclər, aztəminatlı insanlar həftəsonu ucuz qiymətə çadırda dincələ bilərlər. Turizmin bu növündə həm xərclər azdır, həm də təbiətin qoynunda istirahətin dadı bir başqadır”.

3 gün qalana 1 gün hədiyyə, qonağa pulsuz şam yeməyi…

Turizm eksperti Ceyhun Aşurov deyir ki, dünyada hazırda daha çox bərpa proseslərinə üstünlük verilir. Müsahibimiz vurğulayır ki, otellər bunun üçün müxtəlif endirim və güzəştli kampaniyalar təşkil edirlər: “Hətta onlayn rezervasiya portalları belə öz fərqlərini azaldıb istehlakçının, yəni turistin xeyrinə müəyyən güzəştlər tətbiq edirlər. Məsələn, 3 gün qalana 1 gün hədiyyə, qonağa pulsuz şam yeməyi və digər bu tipli məhsullar təklif olunur. Hazırda daxili turizm növünün aktivləşməsi ehtimal olunur, yəni insanlar səyahət edərkən daha çox tanıdıqları və əmin olduqları yaxın ərazilərə getməyə üstünlük verirlər. Bizdə də yaranmış vəziyyətlə əlaqədar olaraq müəyyən nəticələr götürüldü və bunun sayəsində artıq regionlara səfərlər bir balaca intensivləşib”.

“Otellər endirim kampaniyaları həyata keçirməlidir”

Ekspertin sözlərinə görə, regiondakı otellərin hamısı bu intensivləşməyə hazır deyildi: “Bəzi otellər hələ da bağlıdır və açılmağı düşünür. Lakin otellər var ki, hətta pandemiya dövründə da fəaliyyət göstərirdi və ezamiyyə hüququ olan insanlar müəyyən şərtlər çərçivəsində həmin otellərdə qalırdılar. Qeyd etmək lazımdır ki, otellər sanitar-gigiyenik normalara riayət olunması, qida təhlükəsizliyi ilə bağlı Nazirlər Kabinetinin son qərarında əks olunan şərtlərə mütləq şəkildə əməl etməlidirlər. Həmçinin otellər özləri daha çox turistin cəlb olunası üçün endirim kampaniyaları həyata keçirməlidir. Məsələn, həftəiçi günlər bir qiymət, həftə sonları isə başqa qiymət təklif olunur və yaxud qonaqlar uşaqla gəlirsə, uşaqların pulsuz yerləşdirilməsi, otağın qiymətinə səhər və ya axşam yeməyinin daxil edilməsi və s. kimi fürsətlər təqdim edilməlidir. Yəni otel daxilində təklif olunan müxtəlif məhsul və xidmətlər otağın qiymətinə daxil edilir və ya müəyyən güzəştlər təqdim olunur ki, turistlərin qiyməti salmadan eyni qiymətə daha çox xidmətdən yararlanmaq imkanı olsun. Təbii ki, bunlar da öz müsbət nəticəsini göstərir. Düşünürəm ki, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra turistlərin regionlara səfərləri aktivləşəcək. Lakin artıq sentyabrın 15-də dərslər başlayır və insanlar daha çox həftə sonlarında və qeyri-iş günlərində regionlara səfər etməyə üstünlük verəcəklər. Təəssüflər olsun ki, yay mövsümü artıq sona çatıb və turizm üçün tam uyğun bir vaxtda otellərin hazır olmasını ifadə etməsinə baxmayaraq, mövcud epidemioloji vəziyyət, xəstəliyin yayılması məhdudiyyətlərin tam aradan qaldırılmasına imkan vermədi. Lakin bu son fürsətlər da otelçilər tərəfindən dəyərləndirilib və onlar çalışmalıdırlar ki, otellər bu dövrdə müəyyən kampaniyalar həyata keçirərək turistləri cəlb edib müəyyən gəlir da əldə etsinlər. Bunun üçün güzəşt kampaniyaları təşkil etmələri mütləqdir”.

Azərbaycanda Turistlərin Hüquqlarının Müdafiəsi Komitəsi yaradılıb

0
turizm
Azərbaycan Turizm Assosiasiyasının tərkibində ölkədə ilk dəfə Turistlərin Hüquqlarının Müdafiəsi Komitəsi yaradılıb.
PİA.az-ın məlumatına görə, Komitə turistlərin üzləşdiyi problemlərin həllində onlara yaxından kömək edəcək.
Quruma rəhbərlik turizm üzrə ekspert Rəhman Quliyevə həvalə olunub.
“Turizm sahəsində qarşılaşdıgımız problemlər, turistlərin üzləşdiyi çətinliklər bir çox hallarda həll edilmirdi. Yeni yaradılan Turistlərin Hüquqlarının Müdafiəsi Komtəsi turizm şirkətlərinin mənəvi yükünü azaldacaq, eyni zamanda turistlərin suallarını cavablandıracaq, qeyri-kommersiya qurumu kimi hüquqi yardım göstərəcək. Əsas məqsədimiz turistlərlə turizm şirkətləri arasındakı uçurumu, inamsızlığı aradan qaldırmaqdır”, – deyə R.Quliyev qeyd edib.
Onun sözlərinə görə, turistlərin problemlərinin çevik şəkildə həlli üçün Komitəyə hüquqşunaslar cəlb ediləcək: “Xüsusilə pandemiya dövründə turistlər aviabiletlərin geri qaytarılması, turpaketlərin ləğvi, hotellərdə yerləşdirmə kimi bir sıra problemlərlə qarşılaşdılar. Bu problemlərin həll edilməsi vacib məsələdir. Elə bizim də əsas məqsədimiz odur ki, həmin problemlərin həllində turistlərə yaxından köməklik edək. Həmçinin Komitə mütəmadi olaraq yeni çıxan qərarları, təlimatları incələyəcək, turistləri dərhal məlumatlandıracaq”.
Yaxın vaxtlarda Turistlərin Hüquqlarının Mudafiəsi Komitəsinin internet səhifəsi və “qaynar xətt”i istifadəyə veriləcək. Səyahət zamanı hər hansı bir problemlə üzləşən turistlər Komitəyə müraciət edə biləcəklər. (Report)

Həftə sonu hansı rayonlarda dincəlmək olar?

0
turizm
“Yay mövsümü iyunun 15-dən sentyabrın 15-nə kimi olan müddəti əhatə edir. Hələ ki fürsətimiz var, bir həftə simvolik də olsa, yay mövsümündən bəhrələnməliyik”.
BunuLent.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.
Məlum olduğu kimi, ölkə ərazisində karantin rejimi növbəti dəfə yumşaldılıb. Sentyabrın 8-dən paytaxtdan şəhərlərə, eləcə də rayonlara gediş-gəliş açılıb.
Görəsən, pandemiya dövründə ən çox ziyan dəymiş turizm sektoru buna hazırdırmı? Bundan sonra bu sahənin fəaliyyəti necə tənzimlənəcək? Bölgələrimizdə pandemiyadan sonra turizmin tez və effektli dirçəlişi üçün nələr nəzərdə tutulub?
Suallarımızı cavablandıran Kənan Quluzadə bildirib ki, insanların rayonlarda istirahətə böyük marağı var. Həftə sonu üçün regionlardakı otellərə sifarişlərin sayı çoxdur:
“Əsas məsələ ondan ibarətdir ki, yenidən sərtləşdirmə tədbirləri zərurəti yaranmasın. İnsanlarımız, sənayemiz, turizm səyahətlərini təşkil edənlər, turoperatorlar öz fəaliyyətlərini, istirahəti elə qurmalıdır ki, yoluxmalar artmasın, yenidən sərt karantinə qayıtmağa ehtiyac olmasın. Əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Avqust ayında Nazirlər Kabinetinin pandemiya dövründə hotellərin fəaliyyətinin tənzimlənməsi qaydaları ilə bağlı qərarı olub və monitorinqlərin həyata keçirilməsi Dövlət Turizm Agentliyinə tapşırılıb. Biz də digər dövlət qurumları, yerli icra orqanları ilə birgə artıq 3 həftədir ölkə üzrə fəaliyyət göstərən hotellərdə həftədə iki dəfə olmaqla monitorinqlər keçiririk. Əsas məqsədimiz həm istirahət edən insanları, həm də qonaq qəbul edən turizm subyektlərini maarifləndirməkdir, buna da nail olmuşuq. Monitorinqlərin bir müsbət məqamı da ondan ibarətdir ki, bəzi hotellər fəaliyyətlərini dondurmuşdu, onlar bilmirdilər bu qaydalarla işləyə biləcəklər, ya yox. Artıq beş hotel fəaliyyətini bərpa edib”.
Kənan Quluzadə onu da əlavə edib ki, ümumən monitorinqlər ölkə üzrə 229 hoteli və mehmanxananı əhatə edib:
“Hotel personalı üçün monitorinqi həyata keçirənlər və Turizm Könüllüləri İctimai Birliyinə qoşulanlar üçün öncə təlimlər keçirilib. Hazırda 229 hoteldən 150-si fəaliyyət göstərir. Turizm könüllüləri bu hotellərin hər birində gün ərzində maarifləndirmə işləri aparırlar. Ümumən monitorinqlər 174 xidmət üzrə aparılır və bal sistemi tətbiq edilir. Bura qəbul şöbəsindən tutmuş digər xidmətlər daxildir. Burada eyni zamanda hotellərin reytinqləşdirilməsi də həyata keçirilib. Son nəticələr göstərib ki, 174 baldan Bakı və regionları üzrə 168, 167, 157 bal toplayan hotellər var. Bu onu sübut edir ki, hotellər bu qaydalara əməl edə bilirlər. Əsas məsələ personalın və hoteldə qalanların COVID-19 testindən mütəmadi keçirilməsi idi, o da ötən həftədən etibarən ləğv edildi. Bundan əlavə, qaydalara əməl edən hotellərə ”Sahman” nişanı verilib ki, vətəndaşlarda o nişanı görən kimi əminlik yaransın. “Sahman” nişanı o deməkdir ki, həmin obyekt insanların sağlamlığı üçün təhlükəsizdir. Biz vətəndaşlara müraciət edirik ki, “Sahman” nişanı olan, eləcə də digər hotellərdə problem gördükləri zaman sosial şəbəkələrdə yazsınlar və ya DTA-ya zəng vuraraq xəbər versinlər. Bununla da problemləri tez bir zamanda həll etməyimizə yardımçı olsunlar”.
Kənan Quluzadənin fikrincə, gediş-gəlişin bərpası o demək deyil ki, istirahət mərkəzləri fürsətdən istifadə edib yüksək qiymətlər tətbiq etsin:
“Yaxın vaxtlarda ”Macəra yaxındadır!” adlı kampaniyaya başladıq. Orada səyahət təşkil edən şirkətləri, turoperatorları könüllü olaraq cəmlədik ki, hər bir insanın büdcəsinə uyğun səyahətlər paketi formalaşdırılsın. Bu sahədə işləyən ictimai təşkilatlarla danışmışıq. Rayonlara gediş-gəlişin açılması o demək deyil ki, fürsətdən istifadə edib, istirahət mərkəzləri yüksək qiymətlər tətbiq etsin. Düzdür, qiymət məsələsi dövlət tərəfindən tənzimlənmir. Amma yenə də əhalinin azalmış gəlirləri nəzərə alınmalıdır və hər kəs öz büdcəsinə uyğun yerdə istirahət etməlidir. Biz çox ümid edirik ki, vətəndaşlarımız yaranmış fürsətdən istifadə edəcəklər. Amma çox böyük xahişimiz var, yenidən sərt karantin rejiminin olmaması üçün qaydalara riayət etsinlər”.
Onun sözlərinə görə, bundan sonra növbəti vacib mərhələ sərhədlərin açılması ilə bağlıdır:
“Daxili turizm başladı, növbəti hədəfimiz xarici ölkələrə gediş-gəlişin bərpası, sərhədlərin açılmasıdır. Biz araşdırırıq ki, bunu hansı mexanizmlərdən, hansı üsullardan istifadə edərək təmin etmək olar. Ümumən turizm dünyada və Azərbaycanda ən çox ziyan çəkmiş bir sahədir. Bu ilin yalnız mart-iyul aylarında turizm sektorunda yaranan əlavə dəyər göstəriciləri ötən illə müqayisədə 4 dəfə az olub. Nəticədə turizm sektorunun ölkə iqtisadiyyatındakı xüsusi çəkisi fevral ayında 2,6 faiz olduğu halda, mayda bu göstərici 1,4 faizə enib. Bakı, Sumqayıt şəhərlərindən və Abşerondan rayonlara gediş-gəliş açıldığı üçün hesab etmək olar ki, Azərbaycanda daxili turizm faktiki olaraq, bərpa edilir. Ancaq daxili turizmin bərpası müəyyən şərtlərlə həyata keçirilir. Burada da əsas məsələ insanların sağlamlığının qorunmasını təmin etməkdir. Biz vətəndaşlara müraciət edirik ki, karantin qaydalarının yumşaldılmasından sonra yenidən sərtləşdirmənin olmaması üçün vacib olan qaydalara əməl etsinlər”.

Türk Hava Yolları Bakı reysləri ilə bağlı həm xatırlatma həm də XƏBƏRDARLIQ etdi

0
Turizm

Türk Hava Yollarının Bakı nümayəndəliyi son günlərdə yayılmış söhbətlər eyni zamanda qaydalarla bağlı sərnişinlərə xatırlatma və xəbərdarlıq edib.

Turizmplus.az aviaşirkətə istinadən yeni məlumatları oxucuların nəzərinə çatdırır:

– Son günlər sərnişinlər və sizlər tərəfindən 15 Sentyabr sonrasında Türk Hava Yolları İstanbul – Bakı – İstanbul uçuşlarının ləğv olunub olunmayacağı ilə əlaqəli suallar alırıq. Nəzərinizə çatdırmaq istərdik ki, Türk Hava Yolları İstanbul – Bakı – İstanbul uçuşlarına həftəlik 11 uçuş olaraq davam edəcəkdir. Şirkətimizin planlarında uçuşların ləğvi yer almır, tərəfimizə uçuşların ləğv olunacağı ilə bağlı hər hansısa bir qadağa məlumatı gəlməmişdir.

– Son vaxtlarda ofisimizə gələn bəzi sərnişinlər bilet aldığı səyahət agentliyi tərəfindən uçuş ləğvinin olması barədə məlumatlandırılmadığı, uçuşunun ləğv olunmasından xəbərsiz olduğunu, neqativ Covid-19 testi almaq üçün ödəniş etdiyini, uçuş ləğvindən isə yalnız hava limanına getdikdən sonra xəbərdar olduğunu bildirir. Hal-hazırda mövcud qlobal pandemiya ilə əlaqədar ölkələrdə sərnişinlərin səyahəti, karantin və s. barədə qaydaların tez-tez dəyişə bildiyini, və ehtimal uçuş ləğv/dəyişikliklərini nəzərə alaraq yazılmış olan hər bir biletin satış meneceri tərəfindən sıx-sıx yoxlanılmasını və sərnişinlərin zamanında məlumatlandırılmasını xahiş edirik. Bu halda sərnişinlər həm səyahət agentliyi, həm də aviaşirkətdən razı qalacaqdır.

– Bəzi satış menecerləri səhvən “INVOL” biletlərdə dəyişiklik edərkən bu əməliyyatı cərimə ilə edir. Bir daha sizlərə xatırlatmaq istərdik ki uçuş ləğvi ( INVOL) olan sərnişin biletləri cəriməsiz dəyişdirilməlidir. Sərnişinin biletindəki bir uçuşun ləğvi sərnişinin səyahət planına təsir edirsə, biletdə yer alan bütün seqmentlərdə dəyişiklik cəriməsiz olaraq həyata keçirilməlidir.

Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq

0
turizm

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) təşəbbüsü və Türkiyənin aparıcı turizm qurumlarının dəstəyi ilə Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq.

Gezmeli.az “APA-Economics”ə istinadən xəbər verir ki, Türk Dövlətlərinin Turizm Təşkilatının əsas məqsədi türk dünyasının turizm potensialının birgə təbliğidir. Geniş təşviq edilməsi və eləcə də bu potensialın dünyaya yayılmasıdır.

Hazırda təşkilatının yaradılması üçün türkdilli ölkələrin müvafiq qurumları ilə yüksək səviyyədə danışıqlar aparılır.

Yaroslavl və Bakı arasında birbaşa aviareys açıla bilər

0
Yaroslavl-Bakı
Rusiyanın Yaroslavl vilayəti Azərbaycanın aparıcı xarici ticarət tərəfdaşlarından biri olmaq potensialına malikdir.
Gezmeli.az “APA-Economics”istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəsi Ruslan Mirsayapov deyib.
“Rusiyanın biznes assosiasiyaları və müəssisələri hərtərəfli dəstəyə güvənə bilər. 2020-ci ilin birinci yarısında Yaroslavl vilayətinin Azərbaycana ixracı 9% artıb. Eyni zamanda, Azərbaycan ikitərəfli turizmin inkişafı, müştərək turizm məhsullarının yaradılmasında maraqlıdır. Yaroslavlla Bakı arasında birbaşa uçuşların açılması imkanları nəzərdən keçirilir”, – deyə R. Mirsayapov qeyd edib.

“İnsanların bölgələrə üz tutması qiymət artımına səbəb oldu” – MÜSAHİBƏ

0
İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın əsas gücü turizm sektoru hesab olunur. İllərdir inkişaf etməkdə olan bu sahə pandemiya dövründə tənəzzülə uğradı. Yay fəslində ən pik nöqtəsini yaşayan turizm, bu il satışlarını tamamilə dayandırdı. Satışların dayanması da bir çox gərginliklər yaratdı. Bu gərginlik nəinki inkişaf etmiş ölkələrdə, eləcə də inkişafda olan ölkələrdə, həmçinin Azərbaycanda da yarandı. Bölgələrə gediş-gəliş məhdudiyyəti qaldırıldıqdan sonra daxili turizmdə qismən dinamika yarandı. 
Gezmeli.az Correct.az-a istinadən xəbər verir ki daxili turizm sektorunun mövcud vəziyyəti ilə bağlı Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimovla müsahibə edib. 
Müsahibəni oxucularımıza təqdim edirik: 
Pandemiya bir çox tur menecerin işsiz qalması ilə nəticələndi. Bu sahədə işsizlərin sayının artmaması üçün hər hansı tədbirlər planınız var? 
-Turizm Assosiasiyası öz növbəsində gələcəyə pozitiv baxır. Gələcəkdə daxili turizmin inkişafı üçün regionlarda nümayəndəliklər, ekspert qrupları yaratmışıq. Ekspert qrupları peşəkarlardan təşkil olunub. Bu qruplar gələcəkdə turizmin inkişafını tənzimləyəcək. Bundan əlavə Turizm Assosiasiyası tərkibində turistlərin hüquqlarının qorunması üçün nümayəndəliklər yaradılıb. Hansı ki, bu gələcəkdə turizm şirkətləri və turistlər arasında münasibətlərin tənzimlənməsində əsas rol oynayacaq. Eyni zamanda türk dövlətlərinin turizm təşkilatını yaratmaq üçün danışıqlar aparılır. Biz boş dayanmamışıq. Sabaha ümidlə pozitiv baxırıq. Gələcəkdə əlaqələrin daha da gücləndirilməsi məqsədilə 25 xarici ölkədə Turizm Assosiasiyanın yaradılması nəzərdə tutulur. Bizim əsas devizimiz, Cənab Prezidentin dediyi kimi:”Güc Birlikdədir” devizidir. Bütün turizm təşkilatları, nümayəndəlikləri bir platformadan çıxış etməlidir. Biz Azərbaycan turizmini birlikdə qaldırmalıyıq. Bir çox peşə məktəbi, universitetlər bu sahə üzrə xeyli gənclər, mütəxəsisslər yetişdirir, onlar işsiz qalmamalıdırlar. Həmin gənclərin işlə təmin olunması üçün, işsiz qalmamaları üçün yeni işlər görülməlidir. 
Bir müddət “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətlərin bilet satışına icazə vermədi. Bu hal yenidən gözlənilirmi? 
-Biz ictimai təşkilat kimi tövsiyyələr veririk, onlara əmr edə bilmərik. Turizmin inkişafı üçün bir-birimizə güzəştə getməliyik. İnanıram ki, AZAL-ın rəhbərliyi də bu vəziyyəti nəzərə alacaq. İndi pulun ardınca qaçmamalıyıq, əsas məqsəd turizmin bərpası olmalıdır. Yeni sahələr yaradıb, iş yerləri açmalıyıq. Gələn il çadır turizmi yaradılacaq. Aztəminatlı insanlar üçün çadır turizmi çox əlverişli olacaq. 
Bölgələrə gediş-gəliş bərpa olunsa da, daxili turizm hələ də tam bərpa olunmayıb. Bu da bir çox bələdçini, sürücünü və daxili tur menecerlərini narahat edir.Turlar niyə gigiyenik qaydalara əməl olunmaq şərti ilə bərpa edilmir? 
-Turizm bölgələrinə yavaş-yavaş turlar bərpa olunmağa başlayır. Turizm şirkətləri “Sahman” deyilən statusu almalıdır. Bəzi obyektlər gigiyenik qaydalara əməl etmir. “Sahman” qayda-qanuna əməl edən turizm obyektləri və otellər gəlir əldə edə biləcək. Düşünürəm ki, burda rəqabət öz sözünü deyəcək. 7-8 aydır çətin vəziyyətdə olan turizmin bərpası 1 ayda mümkün deyil. Mən inanıram ki, payız ayında rayonlara gediş-gəliş olacaq. Xüsusilə də şənbə və bazar günləri. 
Turizm sahəsində təhsil alan tələbələrin narahat olduqları bir məsələdə texnologiyanın inkişafının tur menecerlərin işsizliyinə gətirmə riskidir. Bu hal gözlənilirmi? 
-Bu haqda hərkəs öz fikrini deyir. Şəxsən mən düşünürəm ki, ümumiyyətlə turizm elə sahədir ki, insan amili, ünsiyyət bu sahədə vacib rol oynayır. Texnika ünsiyyəti bərpa etmir. Təsəvvür edin ki, siz quru bir robota və ya gülən xidmətçiyə, tur bələdçisinə qulaq asırsınız. Bunlar arasında fərq çox böyükdür. Turizmdə dialoq, xoş əhval, şirin söz olmalıdır. 
Otellərdə və biletlərin qiymətlərində artım müşahidə olunur. Bu vəziyyət tənzimlənəcəkmi? 
-Birdən-birə yolların açılması insanların bölgələrə üz tutması ilə nəticələndi. Bu da qiymətlərdə artım yaratdı. Gələn il yeni otellərin, obyektlərin inşası gözlənilir. Qiymətlər öz sözünü həm iaşə müəssisələrində, həm də otellərdə deyəcək. Əlavə olaraq deyim ki, mən ailəmlə bir otelə və ya restorana gedirəm orda mənə gigeynik qaydalara əməl edərək, yüksək səviyyədə xidmət göstərirlərsə orda 3 manat artıq pul verməyə razıyam. Xidmət və qiymət siyasəti düzgün qurulmalıdır. Sahibkarlara tövsiyə edirəm ki, bu balansı qorusunlar. 
Belə fikirlər var ki, turizmin tam bərpası 2-3 il ərzində gözlənilmir. Siz necə düşünürsünüz? 
-Obyektiv və subyektiv məsələlər var. Bu bizdən asılı deyil. Nə olursa olsun pozitiv olmalıyıq. Sabaha ümidlə baxıb, bütün işlərimizi görməliyik ki, bu sahə sürətlə inkişaf etsin. Tarixi hadisələr, pandemiyalar, zəlzələlər və digər hadisələr qədim zamanlardan baş verir. Hər şey gəlib gedir, insanlar fəaliyyətlərini dayandırılmamalıdır.

Ötən il Azərbaycanı 3,17 milyon əcnəbi ziyarət edib

0
turizm

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 2019-cu ildə ölkəmizə 3,17 milyon əcnəbi vətəndaş gəlib ki, bu da əvvəlki ilə müqayisədə təxminən 11,3 faiz artım deməkdir. Gəlmə sayının üstünlük təşkil etdiyi ölkələr Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı olub. Bu ölkələrdən gələnlərin sayı bütün gələnlərin 74 faizini təşkil edib.

Azərbaycana gələn xarici vətəndaşların təxminən 90 faizi (2,86 milyon nəfər) ölkəni turizm məqsədilə ziyarət edib. Onların 41 faizi istirahət, 30 faizi işgüzar məqsədlə gəlib. 25 faizi isə dost və qohumlarını ziyarət etmək üçün ölkəmizə səyahət edib. 2019-cu ildə elektron vizadan istifadə edərək Azərbaycana gələn səyahətçilərin sayı ümumi gələnlərin təxminən 29 faizini təşkil edib (930 min nəfər). Bu göstərici 2018-ci ildə elektron viza istifadəçiləri ilə müqayisədə 36.7 faiz artım deməkdir. Elektron viza istifadəçilərin təxminən 82 faizini istirahət məqsədilə gələnlər təşkil edib. Elektron viza istifadəçiləri arasında ən yüksək faiz göstəriciləri İran (17 faiz), Səudiyyə Ərəbistanı (12 faiz), Hindistan (8 faiz), Böyük Britaniya (7 faiz) və Türkiyə (7 faiz) vətəndaşlarında olub.

2019-cu ildə əcnəbi ziyarətçilər tərəfindən çəkilən turizm xərcləri nəqliyyat (35 faiz), yerləşmə (27 faiz), qida (21 faiz) və digər xərclər (17 faiz) üzrə 2,97 milyard manata çatıb. Turist xərcləmələrinin ən böyük hissəsini Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Gürcüstan tutur. Bu, ümumi turizm xərcləmələrinin 55 faizini təşkil edir. Turistin xərc miqdarına görə Yaponiya və ABŞ turistləri liderdir. Hər iki ölkədə bu göstərici 2800 manatdan çox olub. Bu ölkələrdən sonra, Küveyt (2720 AZN), BƏƏ (2640 AZN), Qətər (2600 AZN), Səudiyyə Ərəbistanı (2580 AZN) və Bəhreyn (2570 AZN) kimi ərəb ölkələri bir turist tərəfindən edilən ən çox xərcləmələr sırasına daxil olub.

“İllik turizm statistikası 2019” jurnalı işıq üzü görüb

0
Statistika

Azərbaycan Dövlət Turizm Agentliyinin “İllik turizm statistikası 2019” jurnalı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnal Azərbaycanın turizm sahəsindəki nailiyyətlərini və görülən tədbirləri cəmiyyətə çatdırmaq məqsədilə nəşr olunub.

Hesabat xarakterli nəşr Dövlət Turizm Agentliyinin Turizm Siyasəti və Strategiyası şöbəsinin tədqiqat və statistika sektoru tərəfindən hazırlanıb. Hesabatın məqsədi Azərbaycanda turizmin inkişafı, turizm axını, turist xərcləmələri, hotel sektoru, turizmin iqtisadi təsiri və ziyarətçilərin fikirləri ilə bağlı əsas məqamları təmin etməkdir.

Nəşrdə, ölkə rəhbərliyi tərəfindən turizmin inkişafına göstərilən xüsusi diqqət və qayğı sayəsində sahə üzrə bir çox uğurlu addımların atıldığı göstərilib. Azərbaycanın turizm potensiyalının, tarixinin və mədəni irsinin dünyada tanıdılması istiqamətində tədbirlərin görüldüyü haqda məlumat verilib. 2019-cu ildə ölkəmizə gələn turistlərin sayında ötən illərlə müqayisədə nəzərəçarpacaq artım müşahidə olunduğu aydın şəkildə özünü göstərir.